BAKI, 12 may — Sputnik. Azərbaycanda əcnəbi filmlərin yayımına böyük tələbat yaranıb.
Bunu Dövlət Dil yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva bildirib. O deyir ki, Azərbaycan kinematoqrafiyasında cizgi filmlərinin, bədii və sənədli filmlərin yerli istehsalı yetərincə deyil: "Bu səbəbdən də əcnəbi filmlərin yayımına böyük tələbat yaranıb".
G.Hacıyeva deyir ki, xarici filmlərin Azərbaycan dilinə tərcüməsi hazırda çox vacib məsələyə çevrilib.
Mərkəz rəsmisi vurğulayıb ki, milli telekanallarımızda nümayiş etdirilən dublyaj filmlərinin arzuolunan səviyyəyə çatdırılması üçün ədəbi dilin bütün normalarına riayət olunması son dərəcə vacib məsələlərdəndir.
Bundan başqa, dövlət büdcəsi ilə maliyyələşən televiziya kanallarında yayımlanan dublyaj filmlərində aparılmış monitorinqlərin nəticəsi məlum olub.
Günel Hacıyeva bildirib ki, monitorinqlərə AzTV, İTV, İdman TV, özəl kanallardan Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, region kanallarından isə ARB Günəş-də yayımlanan dublyaj filmləri cəlb olunub.
Mərkəzin mütəxəssisi qeyd edib ki, dublyajların monitorinq adı sadalanan televiziya kanallarında yayımlanan bədii film, sənədli film, cizgi filmi va teleseriallarda səsləndirilən məlumatların toplanması nəticəsində reallaşıb: "Faktların təhlili zamanı çoxlu orfoepik, leksik, qrammatik norma pozuntularına, eyni zamanda yanlış ifadələrə, tərcümə zamanı yol verilən üslubi xətalara rast gəlinib. Aparılan monitorinqin nəticəsi olaraq qeyd etmək lazımdır ki, dublyajların səsləndirilməsində ayrı-ayrı səslərin, sözlərin, ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlədilməməsi halları daha çox müşahidə olunur".
"Monitorinqin nəticələrinə əsasən, qeydə alnan 350 dil faktından 302-si hesabata daxil edilib. Onlardan 72-si orfoepik, 7-si orfoqrafik, 70-i leksik, 27-si qrammatik, 126-sı isə üslub və ifadə səhvidir", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.