AZƏRBAYCAN XƏBƏRLƏRİ

Şəhidin dünyaya gələn qardaşına onun adını verdilər

Şəhidin adını daşıyan körpə Elxan 29 apreldə dünyaya gəlib.
Sputnik
BAKI, 12 may — Sputnik. Vətən müharibəsi şəhidi Elxan Rzayevin qardaşı dünyaya gəlib. Valideynləri yeni doğulan körpəyə qardaşının adını veriblər.
Bu haqda millət vəkili Kamal Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, İkinci Qarabağ müharibəsi şəhidi Elxan Rzayev evin tək oğlu idi və nişanlı idi: "Atası Ariz Rzayev toy mərasimi üçün bütün hazırlıqları görmüşdü".
"Hər bir şəhid ailəsində olduğu kimi, Elxanın da evində həmişə dərin hüzün var idi. Bir neçə ay bundan əvvəl şəhidimiz Elxanın atası Ariz dayı dedi ki, xoş xəbər var, yaxın zamanda Elxanın qardaşı dünyaya gələcək. Elxanın qardaşı aprelin 29-u dünyaya göz açdı və adını da Elxan qoydular. İnşallah adına da layiq övlad olacaq”, – deyə deputat qeyd edib.
Qeyd edək ki, şəhid Elxan Rzayev ali təhsilli idi, o, orta məktəblərin birində informatika dərsi deyirdi.
Xatırladaq ki, Elxan Rzayev Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. Elxan Rzayev Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Şəhid ailələri, qazilər üçün daha üç vahid əlaqələndirmə mərkəzi yaradılıb