BAKI, 12 may — Sputnik. Polşa hakimiyyəti bütün sərhədləri keçib", "mənəvi olaraq tapdalanıb" və rusofobiyanın önündə gedir.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə hücumla bağlı insidenti şərh edərkən deyib.
Bazar ertəsi, mayın 9-da Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev diplomatlar və həyat yoldaşının müşayiəti ilə Varşavanın Jvirki və Viqura küçələrindəki sovet əsgərlərinin xatirə qəbiristanlığına gəlib. Qəbiristanlığa əvvəlcədən toplaşan aqressiv düşüncəli polyaklar və ukraynalılar təhqiramiz şüarlar səsləndirərək onun yolunu kəsiblər.
Toplaşanlar səfirin və onu müşayiət edən şəxslərin üzərinə qırmızı maddə tökməyə başlayıblar, sonradan bunun şərbət olduğu məlum olub. Bir neçə dəqiqə sonra hadisə yerində peyda olan polis izdihamı geri itələyib. Yalnız bundan sonra səfir və onu müşayiət edən şəxslər hücum yerini tərk ediblər.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva insidentlə bağlı Polşa hakimiyyətinin rəsmi üzr istəməsini gözləyir və Varşavanın hərəkətlərindən asılı olaraq hər hansı bir reaksiya barədə qərar verəcək.
"Polşa hakimiyyəti bütün psixi sərhədləri keçdi və sadəcə olaraq, bəlkə də onlar üçün artıq mövcud olmayan mənəviyyatı tapdaladı. Çünki onlar nəinki rusofobiyaya göz yumdular, üstəlik, bunun ön sıralarındadırlar. Həm də bunun nəyə gətirib çıxara biləcəyini və artıq gətirib çıxardığını başa düşdükləri halda," – deyə Zaxarova "Solovyev. LIVE" verilişinin efirində bildirib.
"Biz bu məsələni diplomatik səviyyədə qaldırdıq, vətəndaşlarımız isə özlərinə məxsus şəkildə cavab verdilər", - deyə diplomat əlavə edib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Zbiqnev Rau səfir Andreyevə hücumu "təəssüf doğuran" hadisə adlandırmışdı. Polşa baş nazirinin müavini, dövlət aktivləri naziri Yaçek Sasin də hadisəyə mənfi reaksiya verib. Polşa xarici işlər nazirinin müavini Pyotr Vavjik Polşa televiziyasının efirində bildirib ki, rəsmi Varşava Andreyevə hücum mövzusunu təəssüf hissi ilə bağlamaq istəyir.
Rusiya İstintaq Komitəsi bildirib ki, Polşada rus diplomatlarına qarşı hücumun hansı şəraitdə baş verdiyini, bu işdə əli olanları müəyyənləşdirəcək və onların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görəcək. Varşavada Andreyevə hücumdan sonra Polşanın Moskvadakı səfirliyinin lövhəsinin üzərinə qırmızı boya tökülüb.
Polşanın Moskvadakı səfirliyi RİA Novosti ilə söhbətində insidenti "xuliqan davranış" adlandırıb və baş verənləri şərh etməkdən imtina edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.