"Qazdım çalanı, tökdüm betonu, qaldırdım 20 mərtəbəni" deməklə iş həll olmur - Seysmoloq
Alim bildiri ki, əvvəllər binalar tikilərkən Seysmoloji Xidmət Mərkəzinə müraciət edilib, indi isə müraciət olunmur. Hazırda Xidmətə yalnız xarici şirkətlər müraciət edir.
SputnikBAKI, 11 may - Sputnik. "Binalar arası məsafə qorunmalıdır. Hər bir bina üçün ayrıca seysmik tədqiqat aparılmalı, binaaltı seysmik bal müəyyənləşməlidir. Mürəkkəb geoloji quruluşa malik olan ərazilərdə də bu işlər görülməlidir". Bunları Sputnik Azərbaycan-a açıqlamasnda Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bu fikrini izah edərək nümunə gətirib və bildirib ki, Türkiyənin Elazığ bölgəsində zəlzələ baş verdikdə bir məhəllədə eyni hündürlükdə olan binalardan yalnız biri uçmuşdu. Həmin binalar xəritə əsasında tikilmişdi. Yəni, əsas məsələ ərazinin geoloji quruluşu ilə bağlıdır:
"Ərazinin geoloji quruluşu mürəkkəb olduğundan binaaltı vəziyyət müəyyənləşməli, dəqiqləşdirilməlidir. Elazığda baş verən zəlzələ zamanı da bu nüans nəzərə alınmalı idi. "Qazdım çalanı, tökdüm betonu, qaldırdım 20 mərtəbəlik binanı" deməklə iş həll olunmur".
Yetirmişli bildirir ki, binaaltı vəziyyətin yoxlanılmaması, normativlərin gözlənilməməsi düzgün deyil:
"Əvvəllər binalar tikilərkən Seysmoloji Xidmət Mərkəzinə müraciət edilirdi. Müraciət əsasında yoxlamalar aparılırdı, həmin binaların hamısında normativlər gözlənilirdi. Lakin hazırda SXM-ə yalnız xarici şirkətlər tərəfindən müraciətlər olur".
Əslində bina tikilərkən seysmoloji xidmətdən rəy alınmalıdır:
"Yenə də özləri bilən məsləhətdir. Hazırda ölkədə tikilən binanın zəlzələyə davamlı olub-olmamasını qrunta görə müəyyənləşdirirlər. Baxın, Bakıda binalar var ki, bir qanadı 8, bir qanadı isə 9 ballıq zəlzələyə davamlıdır. Təsəvvür edin, baş verən tək bir zəlzələdə binanın 8 bala davamlı qanadı 9 bala davamlı kimi qəbul edilsə, bina dağılacaqdı".
Bakı seysmik ərazi hesab edildiyindən burada aktiv sürüşmə zonaları çoxdur. Vaxtaşırı Azərbaycanda seysmoaktiv zonalarda binaların tikilməsi narazılıqla qarşılanır. İddia olunur ki, Bakıda zəlzələ olsa, yeni tikilən binalar uçacaq.
Ümumiyyətlə, maraqlıdır, torpağın altından normadan artıq neftin çıxarılması nəticəsində süxurlarda yaranan boşluqlar nəticəsində həmin ərazilər seysmik əraziyə çevrilə bilərmi?
Mütəxəssis bildirir ki, laylardan neft çıxarıldıqda həmin ərazidə aşağı lay təzyiqi, balans saxlanılmalı, normativlərə əməl olunmalıdır.
Qocaman memar Fəxrəddin Miralayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəllər bütün betonlar, armaturlar, qumlar belə laboratoriyalarda analiz edilirdi. Analizlər nəticəsində bəlli olurdu ki, inşa olunacaq binalar hansı təsirə dözə bilər, yaxud dözə bilməz.
"İllər öncə Bakıda baş verən zəlzələ ilə eyni balda İstanbulda zəlzələ baş verdi, minlərlə adam öldü. Bakıda isə bir nəfər dünyasını dəyişdi. Ehtimal edilir ki, İstanbulda zəlzələ olsa, bu dəfə tələfat daha çox olacaq. Bunun da səbəbi İstanbulda binaların boş və bəzi kərpiclərdən tikilməsi ilə izah edilir: "Bakıda fərdi evlər kubikdən (mişar daşı - red.) tikilir. Kərpiclə tikdikdə isə içi dolu kərpiclə tikilir. Bir sözlə, binalarımız möhkəmdir".
F.Miralayev qeyd edir ki, binanın bütün ağırılığı saxlayan sütunlar yox, pərdələrdir. Dəmir-beton pərdələr 20-30-cu mərtəbəyədək qalxır. Belə binalar son dərəcə möhkəm binalardır. Bütün bu normativlərə əməl edilərsə, binanın nə formada olması, bir sözlə xarici dizaynı, quruluşu, hündürlüyünün seysmik vəziyyətə görə heç bir əhəmiyyəti yoxdur.
Torpaqların neftsizləşməsi, torpağın alt qatının boşalması necə, bu fəlakət zamnaı hansısa rol oynaya bilərmi?
Memar qeyd edir ki, neft Bakıdan kənar ərzilərdə çıxarılır, həm də neft çıxarılan torpaq qatı çox qalındır:
"Təxminən 3-5 kilometrdən neft çıxarılır. Bu 5 kilometrlik torpaq isə çökə bilməz".
Köhnə binalarda vəziyyət necədir?
F.Miralayevin sözlərinə görə, köhnə - "xruşovka" adlanan binalar müasir binalarla müqayisədə daha dözümlüdür:
"Lap köhnə binaların hər birinin öz dövrü var idi, onlar müvəqqəti olaraq tikilən binalar idi. Nikita Xruşşov o vaxtı həmin binaları tikdirmişdi ki, camaat çöldə qalmasın".
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəlli binalar var ki, onlar istismara yararsız hesab edilir. O bildirir ki, köhnə tikililərlə bağlı kütləvi şəkildə binaların seysmik vəziyyətə davamlılığı, yaxud da vaxtaşırı yoxlanışının aparılması istiqamətində iş aparılmır, bununla bağlı hansısa statistika yoxdur:
"Kütləvi şəkildə dövlət tərəfindən bütün binaların dayanıqlılığının yoxlanılması bildiyim qədəri ilə, mümkün deyil. Bakı şəhərinin 1-ci mikrorayon ərazisində istismar müddəti bitən, yarımqəzalı binalar var idi. Bununla bağlı Nazirlər Kabinetinin 83 saylı sərəncamı var idi. Həmin ərazi ilə bağlı FHN tender elan etməli, tenderin nəticəsi olaraq həmin rayon tamamilə yenilənməli idi. Lakin layihə yarımçıq qalıb".
Köhnə binaların dayanıqlılığına gəldikdə, Elnur Azadov bildirir ki, 60-cı illərdə tikilən "xruşovka"ların istismar müddəti 40 il nəzərdə tutulmuşdu:
"Lakin bunların dayanıqlılığı yaxşı olduğundan dövlətin 1-ci mikrorayon istisna olmaqla, digər belə bənzər layihələri yoxdur".
Müasir binalara nəzarətə gəldikdə, E.Azadov qeyd edir ki, FHN yarananadan sonra inşa edilən binalara ciddi nəzarət var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.