BAKI, 11 may — Sputnik. ABŞ-nin Ukraynanı dəstəkləmək eyforiyasının və nəyin bahasına olursa-olsun Rusiyaya qalib gəlmək istəyinin arxasında bu ölkənin uzunmüddətli strategiyanın olmaması gizlənir. Bu barədə "Le Monde" nəşri yazır.
"Qələbə və Rusiyanın zəifləməsi barədə söhbətlər ciddi narahatlıq doğurur. Söhbət sırf Ukraynanın ehtiyaclarından gedir: daha çox "Stinger" və "Javelin" raketləri, döyüş sursatları və pilotsuz təyyarələr... Amma hərbi hədəflər barədə eşitmirəm. Biz hara gedirik?", - “Le Monde” Xarici Əlaqələr Şurasının tədqiqatçısı Çarlz Kupçandan sitat gətirir.
Qəzetin qeyd etdiyi kimi, xarici siyasət ekspertləri çevrələrində nəyin bahasına olursa-olsun Moskvanın məğlubiyyətinə nail olmaq istəyi var.
"Ukraynaya kömək et" şüarı iki ay əvvəl qeyri-mümkün görünən bir çox potensial ssenariləri nəzərdə tutur. Artıq ABŞ ordusu Almaniyada 200 Ukrayna əsgəri üçün M-777 haubitsalarından istifadə üzrə təlimlər təşkil edib", - nəşr yazır.
Qəzet vurğulayır ki, Avropadan fərqli olaraq, Vaşinqton münaqişənin diplomatik yolla nizamlanmasının zəruriliyindən danışmır.
"İnsan və maddi itkilərə baxmayaraq, Ukrayna ordusunun uğurları nə qədər çox olarsa, müharibəni davam etdirmək həvəsi bir o qədər artır", - müəllif qeyd edir.
Keçən həftə Pentaqonun rəhbəri Kiyevə səfərindən sonra bildirmişdi ki, ABŞ Rusiyanı zəiflətməyə çalışır ki, o, "Ukraynadakı kimi addımlar ata bilməsin". Onun sözləri Rusiyada tənqid dalğasına səbəb olub. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev xatırladıb ki, Moskva xüsusi hərbi əməliyyatın tezliklə başa çatmasında maraqlıdır, Qərb ölkələri isə onu "hətta sonuncu ukraynalıya qədər" çəkməyə çalışır. Vaşinqtondakı səfir Anatoli Antonovun fikrincə, amerikalılar dünya miqyasında öz mövqelərini qorumaq üçün Avropadakı qeyri-sabitlik ocağını qoruyub saxlamağa və Qərb müttəfiqlərini öz ətraflarına yığmağa çalışırlar.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.