QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gəlinimizi tək qoymamaq üçün tərxis olundum - Kəşfiyyatçı "xalaqızı"

Qəhrəmanımız qazidir. Zəngilan uğrunda gedən döyüşlərdə mərmi partlaması nəticəsində bədəninin bir neçə nahiyəsindən qəlpə yaraları alıb. Amma bu gün o yaralar onu incitmir.
Sputnik
BAKI, 11 may — Sputnik. Əslən Xızı rayonundan olan və Bakı şəhərində dünyaya gələn Növrəstə Yusifova 1992-1994-cü illərdə Qarabağ müharibəsində Azərbaycanın ilk könüllü qadın snayperi kimi döyüşlərdə iştirak edib. Növrəstə xanım hər zaman öz snayper tüfəngi ilə səngərlərdə olub - döyüşlərin ən qızğın yerlərində olub.
İlk snayper qadınımız Azərbaycan tarixinin ən qanlı-qadalı dövrlərində yaşadıqlarından bəhs edib:
"İşdə dedilər ki, könüllülərin Milli Şurası yaranıb. Mən də həmən işimi atıb müharibəyə getmək qərarına gəldim. Şurada mənə dedilər ki, "Müharibədir, əsgərlərimiz səni qorusunlar, yoxsa torpaqları?". Mən də dedim ki, mən hərbçilərimizə problem yaratmayacağam, onlardan aralı quyu qazıb içində gizlənəcəyəm ki, onlara problem yaratmayım. Şurada məni nə vaxt orduya qəbul edəcəklərini gözləyən müddətdə Xocalı faciəsi baş verdi. Bu faciədən sonra qərarımda tam əmin idim ki, mütləq cəbhəyə getməliyəm".
Növrəstə Yusifova
Növrəstə xanım mühafizəkar ailədə doğulub. Ailəsi "qız nədir, məktəb nədir" deyimini özlərinə şüar edibmiş. Amma bilmirdilər ki, onların qəfəsə salmaq istədikləri qızcığaz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıracaq. Polislərin təkidi ilə məktəbə gedən Növrəstə xanım atıcılıq idman növü üzrə 1974-cü ildə keçirilən həvəskar Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yerə sahib olub. Bu idman növü müharibədə onun dadına çatır:
"O vaxt Şuranın sədri Etibar Məmmədov idi. Etibar bəyə buna görə həmişə minnətdar olacağam ki, mənim döyüşlərdə iştirak etməyimə icazə verdi. Sevincimin həddi-hüdudu yox idi. Hərbi komendant geyimlərimi verəndə dedi ki, "gözlə, bu kişi geyimləridir, sənə ətək verim". Dedim "mən döyüşə gedirəm, səngərdə ətəklə gəzəcəyəm?"".
Beləliklə, qəhrəmanımız 17 mart 1992-ci ildə snayper olaraq qeydə alınır: "Dedilər martın 21-i saat 9-da gələrsiniz. Həmin vaxta qədər olan müddətdə bayram keçirmək əvəzinə bildiyim dərman preparatlarını, digər tibbi ləvazimatları və hətta özümlə çantaya (ryukzak) sığan, aldığım beli də götürdüm ki, cəbhə bölgəsində lazım olar. Ayın 21-i saat 6-da getdim Milli Şuranın binasının önünə, indiki Binəqədi rayon İcra Hakimiyyətinin yerində yerləşirdi. Bizi binanın həyətində sıraya düzərək şəklimizi çəkdilər və avtobuslara mindik. Yola çıxanda bizə hara gedəcəyimiz barədə məlumat vermədilər. Biz Laçını keçəndə bildim ki, Şuşaya gedirik".
Bakıda doğulan Növrəstə xanım dünyada paytaxtdan başqa ikinci gördüyü yer Şuşa olub. Şuşaya gedəcəyini biləndə çox sevinib. Çünki, 1975-ci ildə Şuşada sanatoriyaya gedəndə şəhərin hər yerini təkbaşına gəzib. Hər yerini əlinin içi kimi tanıyıb:
Növrəstə Yusifova
"Şurada mənə demişdilər ki, adi bir səhvin olsa və ya döyüşlərdə özünü təsdiq edə bilməsən, səni dərhal döyüşdən uzaqlaşdıracağıq".
Martın 23-ü sübh tezdən Şuşada ilk döyüşləri başlayır. Orda Növrəstə xanıma döyüşlər zamanı ermənilərdən qənimət kimi əldə olunmuş snayper tüfəngini verirlər:
"Amma tüfəng əyri atırdı deyə, batalyon komandirimiz Tofiq Oğuz özü ilə gətirdiyi beşatılan silahını mənə verdi. Tofiq Oğuz Şuşada silah anbarına baxan Qorxmaz dayıya tapşırdı ki, "beşatılanımdan muğayat ol". Şuşada "Üç mıx" deyilən postumuza əməliyyatla bağlı batalyon komandiri mənə və Qorxmaz dayıya göstəriş verdi. Postumuzun aşağı ətəyi ermənilərdə idi və həmin ərazidə üzüm tənəkləri əkilmişdi. Mən binoklla baxdım ki, ora tərtəmizdir, üzümlükdən başqa heç nə yoxdur. Amma orada yerə basdırılmış paslı yarım çəllək gördüm. Çəlləyin yalnız bir hissəsi görünürdü. Mən düşündüm ki, bunlar hər yeri təmizləyiblər, bəs paslı yarım çəllək niyə orada qalıb? Qorxmaz dayı ilə mən qayalığın arxasından müşahidə edirdik. Ona dedim ki, mən çəlləkdən şübhələnirəm. Qorxmaz dayı dedi ki, "sən necə bilirsən, elə də elə". İki güllə ard-arda atdım. Sən demə, yanılmamışam. Ora ermənlərin bunkeri imiş".
Bu hadisədən sonra Tofiq Oğuz da Növrəstəyə daha çox etimad göstərməyə başlayıb:
"Mən Şuşanın işğalı hadisələrini görə bilmədim, çünki may ayının 6-da Tofiq Oğuz məni məcburi avtobusa mindirib, sürücüyə də tapşırdı ki, yolda su istəsə belə heç bir yerdə saxlamadan onu Bakıya, Şuraya çatdır. Çıxanda Elman adlı əsgər mənə dedi ki, "xalaqızı, bəlkə batinkan olar, mənimki cırılıb. Dedim "ayaq ölçün nədir?" Dedi "40". Dedim "al mənim batinkamı". Mənim ayaq ölçüm 38 idi, ayaq ölçümə uyğun ayaqqabı tapa bilmədiyimdən 40 ölçülü çəkməni qalın corabla geyinirdim".
Növrəstə Yusifova
"Şuranın qərargahında qayıtmağa əmr gözləyirdim. Ayın 7-i dedilər ki, Şuşaya gedəcəksiniz. Sonra eşitdik ki, Şuşada atışma gedir. Bizə də getməyə icazə vermirdilər. Ertəsi gün mayın 8-i eşitdik ki, Şuşa işğal olunub".
Cəngavər qadın vurğulayır ki, könüllülər olmasaydı, ermənilər gəlib Bakını da tutacaqdılar:
"Mayın 15-i rəhmətlik Elçibəy çıxış elədi ki, kim özündə güc tapırsa, getsin. Elçin bəy bildirdi ki, "içimizdə xain çoxdur". Biz də tanıdığımız əsgərlərlə toplaşıb getdik Biləcəriyə. Orada bir hərbçi dedi ki, burada qadın olmamalıdır. Dedi ki, 6 ay müddətinə Naftalana məşq etməyə gedirik. Dedim "başın xarabdır, döyüşdən çıxan adamlarıq. Torpaqlarımızda döyüş gedir, sən deyirsən gedin "şaqat" (sıra hazırlığı - red.) öyrənin".
864-cü batalyonda olanda N.Yusifova ilə birgə 8 əsgər və qərargah komandirinə Ağdamın Abdal–Gülablı kəndində səngər qazılmağı ilə bağlı əmr gəlir. Komandirin ona olan inamsızlığı hələ də davam edirmiş:
Növrəstə Yusifova
"Komandir mənə dedi ki, "sən də gedirsən". Elə bildi ki, mən naz edəcəyəm, getməyəcəm. 3-cü səngər mənim idi, mən oranı təkbaşına qazdım. Çox ağır döyüşlər gedirdi, bir addım geriyə durmadıq".
Ermənilər 1992-ci ildə Gülablıda olan Şəki taqımına mərmi atdılar. Həmin vaxt döyüşçülərimiz yemək yeyirdilər. Partlayışdan yaralanları və şəhid olanları dərhal maşınla Ağdamın Mahrızlı kəndində xəstəxanaya apardılar. Həmin hadisədən sonra Növrəsətə xanım səsini itirir:
"Onların ardınca biz də getdik. Yaralılarla görüşdüm, sonra meyitxanaya getdim. Gördüm döyüş yoldaşlarımın çoxu yanaraq şəhid olub. Hikmət adlı şəhidin tikəsi ağzında qalmışdı. Necə qışqırmışdımsa səsim batmışdı. 3 gün səsim çıxmadı. Ondan sonra səsimin tonu dəyişdi. İndi telefonla kimsə zəng edəndə elə bilirlər kişiyəm. Xocalı hadisəsini görməsəm də, o kadrlara baxanda mənə adi gəlirdi. O qədər şəhid görürdüm ki, sanki adiləşmişdi".
Növrəstə xanım müharibədə təkcə snayper deyil, həm də döyüşçülərin tibb bacısı olub, onların təmizlik işlərini görüb:
"Bir dəqiqə dayanmırdım. Qabları yuyurdum, tibbi yardıma ehtiyacı olanlara yardım edirdim. O vaxt şəhidləri ailə üzvlərinə təhvil verəndə şəhid aparan əsgərlərimizi bəzən döyürdülər ki, oğlumuzu sağ aparıb ölü niyə gətirmisiniz? Bu səbəbdən bəzən şəhidləri İcra hakimiyyətlərinə təhvil verirdilər.
Komandir mənə dedi ki, min helikopterə, sən də get. Helikopterlə yaralanmış və yanmış əsgərlərimizi gətirdik Bakıya. Onların içində sağ qalan da var idi. "Su, su" deyib qışırırdılar. Təcili bir balon qatıq aldırdım. Onlara ehtiyatla qatıq verirdim ki, susuzluqları yatsın".
Növrəstə Yusifova
Bəzən kişilərin belə, cəsarət etmədikləri işləri öz üzərinə götürən igid qadın deyir ki, hər gün yaralı, şəhid görmək onun üçün ağır olub:
"Orada hisslərini kənara qoymalı idin. Ağlayıb sızlasan, yaralıya necə yardım edəcəksən? Gizlində ağlayırdım, amma heç kəs göz yaşımı görmürdü".
Döyüş yoldaşları onu "xalaqızı" deyə çağırırdılar. Növrəstə xanım onların döyüş yoldaşı olmaqla yanaşı, həm də anası, bacısı olub:
"Ağdamın Qərvənd kəndində idik. Komandir mənə əmr etdi ki, get qadınların otağında qal. Ora da mənim üçün rahat deyildi. Mən etiraz edəndə çıxardı silahını, başıma dirədi ki, ya gedib o qızlarla qalırsan, ya da səni vururam. Dedim "at, atmasan kişi deyilsən". Darvazada növbədə olan əsgərlərə tapşırdı ki, "Növrəstə buradan çıxsa, sizin hamınızı həbsə atacam". Silahı əlindən alıb atdım kənara. Bütün əşyalarımı orada qoyub çıxdım. Əsgərlər yalvardılar ki, çıxmayım. Hasardan aşıb çıxdım. Bir də baxdım ki, 30-a yaxın döyüşçü bir ağızdan deyir: "xalaqızı hara, biz də ora".
1992-ci ilin sentyabrın 5-i Növrəstə xanımı müqavilə ilə hərbi kəşfiyyatçı kimi döyüşə götürmək istədikləri ilə bağlı xəbər gəlir:
"Dedim ki, mənim döyüş yoldaşlarımdan heç olmasa biri orada olmasa, mən getməyəcəm. Dedilər ki, döyüş yoldaşlarınızdan 3-ü buradadır. Artıq rəsmi olaraq hərbi kəşfiyyatçı kimi döyüşlərdə iştirak etdim. İlk getdiyim yer də Qubadlı oldu".
Daha sonra yenidən Ağdam, Ağdərə, Zəngilanda döyüşlərini davam etdirən Növrəstə xanım qardaşının ölüm xəbərini alır:
"1994-cü ilin may ayında atəşkəs elan olundu. Amma bu qərar mənə aid deyildi. Füzulidə, Qırmızı bazar adlanan yerdə kəşfiyyat qrupumuzla döyüşə qatılmalı idik. Orada qardaşımın ölüm xəbərini aldım. Qardaşımın övladları körpə idi. Gəlinimizi tək qoymamaq üçün tərxis olundum".
Hər bir azərbaycanlı kimi Növrəstə xanımın da arzusu Şuşanı görmək olub. Deyir ki, Cıdır düzündə yaşadığı hissləri sözlə ifadə edə bilmir. Orada hər kola Azərbaycan bayraqları sancıb:
"Cıdır düzündən götürdüyüm torpaqdan gətirdim Bakıdakı şəhidlərimizin qəbri üstə səpdim. Oradan gətirdiyim su ilə Şuşa uğrunda canını fəda edən oğullarımızın məzar daşını yudum".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.