VİDEO

Kəndin yuxarısındakıların axıtdığı çirkab su aşağıdakılara ziyan vurur - Günah kimdədir?

Torpağın altında olan köhnə beton kanalizasiya borusunun sökülməsi üçün küllü miqdarda vəsait tələb olunur, odur ki, problemin yaxın vaxtda həlli çətinləşir.
Sputnik
BAKI, 10 may — Sputnik. Göyçay rayonunun Şəhadət kəndində fərdi yaşayış evlərinin həyətyanı sahəsi çirkab suları altında qalıb. Rayonun Şəhadət kəndindən keçən Göyçay şəhərinin köhnə kanalizasiya borusundan axan çirkab suları sakinlərə məxsus həyətyanı sahələri, meyvə bağlarını basıb, bir neçə evin zirzəmisinə su dolduğu üçün divarlarda çatlar əmələ gəlib.
Ziyan çəkən kənd sakinləri bildirib ki, kənddə bu cür acınacaqlı vəziyyət ötən 3 il ərzində tez-tez baş verir, hazırda həyətlərdə böyük su gölməçələri yaranıb, evlərə gedib-gəlmək çətinləşib, üfunət iyindən ərazidə yaşamaq dözülməz olub.
Havalar isindiyi üçün hazırda kənddə bu kanalizasiya suyundan gələn pis qoxunun insanlara necə təsir etdiyini düşünmək çətin deyil. Həyətyanı sahələrdən keçən köhnə kanalizasiya xəttinin bir kilometrlik hissəsi tam yararsız hala düşüb, mütəmadi olaraq borudan axan çirkab suları 20-dən çox ailənin təxminən 10 hektar torpaq sahəsini istifadəyə yararsız hala salıb, meyvə ağaclarını qurudaraq tələf edib.
Vətəndaşlar ötən 3 il ərzində dəfələrlə aidiyyati qurumlara müraciət etdiklərini bildirsələr də onların üzləşdiyi bu problemi həll edən olmayıb.
Məsələ ilə bağlı Göyçay rayon Su-Kanalizasiya İdarəsinə müraciət etdik. İdarənin müdiri İlham Kərimov şifahi olaraq bildirib ki, Göyçay şəhərinin su-kanalizasiya sistemi 2011-2015-ci illərdə yenidən qurulub, hazırda köhnə kanalizasiya borusundan istifadə olunmur və idarənin balansında deyil, bütün evlərin və obyektlərin kanalizasiya xətti təzə kəmərə qoşulub.
Şəhadət kəndində həyətləri su basması ilə bağlı vətəndaşların müraciətinə baxılıb, su-kanalizasiya idarəsinin və rayon icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirib, problemin yaranma səbəbi ilə bağlı əhaliyə məlumat verilib.
Göyçay rayon İcra Hakimiyyətinin Şəhadət kənd inzibati dairəsi üzrə üzrə nümayəndəsi Kərim Seyidov bildirib ki, məsələ ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, Göyçay şəhərindən bu köhnə kəmərə kanalizasiya suyu axıdılmır, Şəhadət kəndinin yuxarı hissəsində yaşayan sakinlər həyətyanı sahələrini suvararkən səhlənkarlıq edirlər, bu kanalisaziya borusunun qapaqlarını açıq qoyurlar və həmin kəmərə su axıdılır.
Eləcə də kənddə bir neçə ailə sanitar qovşağın tullantı sularını da bu köhnə kanalizasiya borusuna axıdırlar. Həmin su kəndin aşağı hissəsində borunun qapaqlarından çıxaraq həyətlərə dolur, digər vətəndaşlara ziyan vurur.
Torpağın altında olan köhnə beton kanalizasiya borusunun sökülərək həyətlərdən çıxarılması üçün küllü miqdarda vəsait tələb olunur. Ona görə bu problemin həlli yaxın vaxtda mümkün deyil.
Həyətlərə dolan çirkab sularından əziyyət çəkən vətəndaşlar isə yüzlərlə ağacın qurumasına görə, evlərin divarlarının çatlamasına görə onlara dəymiş küllü miqdarda maddi ziyanın ödənilməsini tələb edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.