BAKI, 8 may – Sputnik. Şimal-Qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti ötən gün axşam saatlarında Şəkinin Cunud kəndində fəsadlar törədib. Sputnik Azərbaycan-ın məlumatına görə, kəndə gedən hər iki yol dağılıb. Kəndə iki istiqamətdən daxil olmaq mümkündür ki, bu yolların da hər ikisi Cunud çayından keçir. Sel suları yolları yuyub və bəzi yerlərdə 2 metrədək yarğanlar əmələ gəlib. Fermer Röyal Nadirovun avtomobilini sel suları aparıb, özü isə son anda xilas ola bilib.
“Fəhlələri evlərinə apardım. Geri qayıdarkən çayda su çox olduğu üçün sel maşını götürdü. Özümü zorla xilas etdim. Çox çətinliyimiz olur. Yaz yağışları vaxtı sahəyə gedib-gəlmək üçün 30 km məsafə qət etməli oluruq. Buraya körpü lazımdır. Bu ziyan mənə dəyib, başqasına dəyməsin”, - Röyal Nadirov bildirib.
Şəkidə selin fəsadları
© Sputnik / Ibrahim Hashimov
Sakinlərin sözlərinə görə, hadisə ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, kömək gəlməyib. Bu səbəbdən özləri tədbir görməyə çalışıblar. Kənd sakini İsa Məmmədov qeyd edib ki, insanların çayı keçməsi üçün selin gətirdiyi kötükləri sürüyərək suyun qarşısına qoymaqla müvəqqəti keçid yaradırlar.
“Bizim kəndimiz hər iki tərəfdən bu çayla mühasirədədir. Yuxarı hissədən, kəndin girəcək hissəsindən həyətlərə su dolub. Axşam müəyyən təşkilatlara zəng etmişik, heç bir cavab verilmir. Axırda məcbur olub öz əl əməyimizlə çayın suyunu bir neçə yerdən bəndləyərək məcrasını dəyişmişik ki, kəndə çox zərər vurmasın”. amma buna baxmayaraq həyətlərə su dolub”. – deyə İ.Məmmədov qeyd edib.
Şəkidə selin fəsadları
© Sputnik / Ibrahim Hashimov
Kənd sakini Knyaz Məmmədov isə bildirib ki, yaz və payız aylarında Cunudda həmişə belə vəziyyət yaranır.
“Sakinlər evlərinə daxil ola bilmir. Şəxsən mən özüm də daxil olmaqla, 3-4 nəfər, hətta uşaqlar da var idi ki, nə aşağıdan, nə də yuxarı tərəfdən kəndə daxil ola bilmədik. Bu saata qədər də yollar bərdab gündədir. 2 metr dərinliyində yarğan var. 70 yaşıma çatıram, həmişə Cunud sakinlərini belə bədbaxt gündə görmüşəm”, - K.Məmmədov əlavə edib.
Məsələ ilə əlaqədar Cunud kənd icra nümayəndəliyi və bələdiyyəsinə də baş çəkdik. Amma məsələyə münasibət öyrənmək cəhdimiz boşa çıxdı. Rəsmilər müsahibə verməkdən imtina etdilər. Əraziyə Şəki Yol İstismarı İdarəsinin texnikaları cəlb olunsa da, günün birinci yarısında onlar da yolun bərpası işlərinə başlmamışdılar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.