BAKI, 8 may — Sputnik. Mayın 9-da faşizm üzərində Qələbənin 77-ci ili tamam olur. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı hər il Böyük Vətən müharibəsi iştirakçılarını qürurla xatırlayır, onlarla görüşlər keçirir. 9 Mayda xeyli sayda insan həmin günlərə yenidən qayıdıb, 1945-ci ilin yazını iftixar hissi ilə yad edir.
İki ildir pandemiya səbəbindən 9 May - Qələbə günü təmtəraqlı keçirilmirdi. Bu il isə 9 May müharibə veteranlarının iştirakı ilə müvafiq tədbirlərlə qeyd olunacaq.
Veteranlar pandemiyadan sonra ilk dəfə toplaşıblar
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Böyük Vətən müharibəsində 700 minə yaxın azərbaycanlı iştirak edib. Onların yarısından çoxu geri qayıtmayıb:
"Biz 9 May bayramını həmişə qeyd edirik. Tarixi faktları gənclərimizin yadına salırıq. Bizim babalarımızın faşizmə qarşı necə mübarizə apardığını, onların necə qalib gəldiyini bir daha xatırlayırıq. Abidələrini ziyarət edirik, gül qoyuruq. Müəyyən konfrans və tədbirlər keçiririk".
Onun sözlərinə görə, bu ilin mart ayının 9-da Şirvan Şəhərində veteranlarla görüş keçirilib. Aprelin 15-də Şəki şəhərində "Nəsillərin görüşü" adlı zona konfransı baş tutub. Aprelin 22-də isə Quba şəhər Mədəniyyət Mərkəzində "Nəsillərin görüşü: Uğurlar və perspektivlər..." mövzusunda zona konfransı təşkil olunub.
96 veteranımız həyatdadır
C.Xəlilov bu tədbirlərin 9 Maya qədər davam etdiriləcəyini bildirib: "Bu tarix bizim üçün çox önəmlidir. Bizim 5 diviziyamız SSRİ-nin azad olunmasında iştirak edib. Onların hər birinin həyatı gənclərə örnəkdir".
Təşkilatın sədr müavini onu da bildirib ki, ötən il Böyük Vətən müharibəsi veteranlarının sayı 150 nəfər olub. Onlardan bu gün həyatda qalanların sayı 96-dır. 88-i kişi, 8-i qadın olan veteranlarımızdan ən cavanı 96, ən qocası isə 107 yaşındadır.
Prezidentin sərəncamı veteranlara ruh verir
Sayları il-ildən azalan Böyük Vətən müharibəsi veteranları bu gün onlara göstərilən dövlət qayğısından da razıdırlar. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı yeni "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 19 aprel 2022-ci il tarixli Sərəncam digər veteranlar kimi Hilal İbrahimovun da ürəyini dağa döndərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 96 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 4395 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək. Beləliklə Sərəncam 4500-ə yaxın şəxsi əhatə edəcək.
Xatırladaq ki, birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.
Sovet İttifaqı qəhrəmanları arasında 120-dən çox azərbaycanlı var
Sonda bildirək ki, müharibə vaxtı ümumi əhalisi 3,4 milyon olan Azərbaycandan cəbhəyə 681 min nəfər yollanıb ki, onlardan da 10 mini qadınlar olub. Azərbaycandan çağırılan 300 min nəfər cəbhədə həlak olub. Bundan başqa, Azərbaycandan 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü də cəbhə xəttinə cəlb olunub.
Azərbaycandan olan əsgərlər Brest qalası, Leninqrad, Moskva, Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak edib, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstəriblər. Berlinə ilk daxil olan azərbaycanlılardan ibarət diviziya olub. Onlar Ukraynada, Krım yarımadasında vuruşub, Qızıl Ordunun tərkibində Pribaltikanı, Şərqi Avropanı faşistlərdən azad ediblər.
Müharibə illərində Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstəsi yaradılıb. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edib. Sovet İttifaqı qəhrəmanları arasında 120-dən çox azərbaycanlı var.
Prezidentin sərəncamı necə icra olunub?
Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibədə iştirak etmiş şəxslərin - 81 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəyib.
Sərəncamla Nazirlik həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına, ümumən 4233 nəfərin hər birinə də 750 manat məbləğində birdəfəlik maddi yardımın ödənişini həyata keçirib.
Sərəncam çərçivəsində ümumilikdə 4314 nəfər Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına birdəfəlik maddi yardımla təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.