CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Krımdan Gədəbəyə köçürülən rusların nəsilləri aşıq qonaqları pulsuz qəbul edirlər

XIX əsrin ortalarında Krımdan köçürülən ruslar tərəfindən yaradılan Slavyanka kəndində hazırda 19 rus ailəsi yaşayır və onlar evlərini istirahətə gələnlər üçün kirayəyə təklif edirlər.
Sputnik
BAKI, 8 may — Sputnik. Azərbaycanın zəngin turizm potensialına malik ərazilərindən biri də Gədəbəy rayonudur. Gədəbəyin zəngin təbiəti, tarixi abidələri, gözəl iqlimi, bitki örtüyü və heyvanlar aləmi ilin bütün fəslində turistlərin diqqətini özünə cəlb edir. Dağlıq rayon olduğundan turislər buraya ən çox yay aylarında üz tutur. İstirahətə gələnlərin əksəriyyəti isə istirahət məkanları və otellərdən çox fərdi evlərdə qalmağa üstünlük verirlər.
Elə buna görə də evlərini kirayəyə verməyi planlaşdıran sakinlər öz hazırlıqlarını indidən görürlər. Sputnik Azərbaycan-ın bölgə müxbiri rayonun əsas turizm mərkəzlərindən biri olan Slavyankada kənd turizmi ilə bağlı vəziyyəti öyrənib. Kirayə evlərin qiymətləri və şəraitləri ilə maraqlanıb.
Slavyankada kənd turizm mövsümünə hazırlıq
Slavyanka kəndi Gədəbəy rayonunun mərkəzinə gedən avtomobil yolunun üzərində yerləşir. Olduqca səfalı təbiəti, təmiz, mineral bulaqları və ən çox Narzan suyu ilə məşhurdur. Bu səbəbdən yay mövsümündə Slavyankaya gələnlərin sayı-hesabı bilinmir. XIX əsrin ortalarında Krımdan köçürülən ruslar tərəfindən yaradılan kənddə hazırda 19 rus ailəsi yaşayır. Onların da bəziləri evlərini istirahətə gələnlər üçün kirayəyə təklif edirlər.
Slavyanka sakini Qriqori İvanoviç də yayda evində qonaq qəbul etdiyini, çox vaxt qonaqlarını təmənnasız saxladığını deyir:
Slavyanka sakini Qriqori İvanoviç
"Mən köklü slavyankalıyam, ata-babalarımın yeri buradadı. Kənddə həmişə qonaq qəbul edirəm. Əsasən yay aylarında gəlirlər. Amma ilin bütün fəsillərində Azərbaycanın hər yerindən qonaq qəbul edirəm. Qalmaq istəyənlər rahat, sakit ev axtarırlar. Yaxşı aşıq dostlarım var. Onlar Gədəbəyə hər gələndə evimdə qalırlar. Onlarla birlikdə biz də əylənirik, şənlənirik, çalırıq, oynayırıq. Xidmətə görə heç birindən pul almıram".
86 yaşlı Slavyanka kənd sakini Bəhrəm Quliyev isə yay fəslində burada boş ev tapmağın mümkünsüz olduğunu deyir:
86 yaşlı Slavyanka kənd sakini Bəhrəm Quliyev
"Burada yay turizmi yaxşı keçir. Bakıdan, Gəncədən, Şəmkirdən camaat gəlib kirayə evlər tuturlar, 2-3 ay burada dincəlirlər. Turistlər üçün yaxşı şərait var. Yayda bir dənə boş ev tapa bilməzsiz. Gələnlər əsasən Narzan sularına görə gəlirlər. Bu sular vaxtilə butulkalara yığılıb Azərbaycanın hər yerində satılırdı. İndi isə sakinlər onu pulsuz-parasız, bulaqdan götürüb işlədirlər".
Quliyevin sözlərinə görə, kənd sakinləri evlərini əsasən aylıq kirayə verməyə üstünlük verirlər. Günlük, həftəlik ev verənlər çox azdır.
Geniş turizm potensialı olan Slavyankada minədək ev var. Onlardan 200-ə qədəri öz mülkünü yayda turistlərin ixtiyarına verir. Gədəbəydə olan 7 turizm obyektindən 4-ü də məhz Slavyanka kəndində yerləşir. Turizm mövsümünə az qaldığından, indi kənddə ev kirayəsi elanına da addımbaşı rast gəlmək olur. Qiymətlər isə evlərin şəraitinə görə dəyişir.
1 / 5

Slavyankada kənd turizm mövsümünə hazırlıq

2 / 5

Slavyankada kənd turizm mövsümünə hazırlıq

3 / 5

Slavyankada kənd turizm mövsümünə hazırlıq

4 / 5

Slavyankada kənd turizm mövsümünə hazırlıq

5 / 5

Slavyankada kənd turizm mövsümünə hazırlıq

Kənd sakini Azad İsmayılov uzun illərdir kənd turizmi ilə məşğul olur. Turistlərin isə onu elan saytları və sosial şəbəkələr vasitəsilə tapdığını deyir. Onunla söhbət zamanı burada evlərin qiymətinin o qədər də ucuz olmadığı diqqəti cəlb edir:
"Təklif edilən evlərdə hər cür şərait var. Qiymətlər aylıq 100 manatdan başlayıb 1500 manatadək dəyişir. Mənim evlərimin günü 50-60 manat arasıdır. Çox qalmaq istəyən olanda bir az endirim edirik. Bir ay qalanlara ev 900-1000 manata başa gəlir. Qiymətin dəyişməsinə adam sayının da təsiri olur. Qalacaq adamlar çox olduqda qiymət də artır".
A.İsmayılov bu qiymətin Slavyanka kimi yer üçün normal olduğunu bildirir.
Slavyankada kənd turizm mövsümünə hazırlıq
Slavyankada kirayəlik evlərin qiyməti baha olsa da, yayda kəndə istirahətə gələnlər çox olur. Çünki slavyankalılar olduqca qonaqpərvər və mehribandırlar. Evini kirayə verənlərlə yanaşı, qapılarını təmənnasız qonaqların üzünə açanlar da az deyil.
Qeyd edək ki, Gədəbəy rayonunda mövsüm vaxtı tarixi məkanlara turistlərin marşurutlar üzrə atla və piyada, eləcə də avtomobillə ziyarəti təşkil olunur. Ötən il yay mövsümü zamanı rayonu təxminən 50 mindən çox turist ziyarət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.