BAKI, 7 may - Sputnik. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlili təmin ediləcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2021-2023-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin etməlidir.
Nazirliyə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi də tapşırılıb.
Dəyişikliyə əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022– 2024-cü illərdə AMEA ilə birlikdə Nazirliyi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılmasını təmin etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.