BAKI, 7 may - Sputnik. Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmləri ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri arasında keçirilən görüşdə bildirilib.
Qeyd olunub ki, hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır.
Görüşdə həmçinin bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bu, xüsusilə yumurta istehsalında daha yüksəkdir.
“Belə ki, son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla ədəd artıq yumurta istehsalı qeydə alınmaqdadır. Hazırda anbarlarda daxili tələbatdan artıq qalan 43 milyon ədəd süfrə yumurtası var. Bu təsərrüfatların bəziləri yumurtanın xaricə ixracına nail olurlar, lakin bu sahədə ciddi çətinliklərlə üzləşirlər. Bu sahədə istehsalçılarımıza dəstək verilməsini xahiş edirik”, - deyə Mürvət Həsənli bildirib (APA).
Yumurta istehsalçıları mövcud şəraitdə yumurta istehsalının daxili tələbatdan artıq olduğunu, istehsal olunan həcmlərin tam satılmamasının onlara ciddi ziyan vurduğunu bildiriblər. Eyni zamanda qeyd olunub ki, yem və yem əlavələrinin qiymətində baş verən bahalaşma nəticəsində istehsal olunan yumurtanın maya dəyərində ciddi artım baş verib. Bu şəraitdə məhsulun satılmaması növbəti mərhələdə yem tədarükünə zərbə vurmaqla, istehsalın azalmasına gətirib çıxara bilər.
AZPROMO rəsmiləri bildiriblər ki, hazırda Azərbaycanın Dubayda ticarət evi var və yumurta istehsalçılarının mal təklifləri həmin ticarət evində təqdim olunacaq. Eyni zamanda yaxın vaxtlarda Qətərdə də ticarət evi açılacaq və onun imkanlarından da yumurta ixracı üçün istifadə ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.