BAKI, 7 may — Sputnik. Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə və yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq, toxumçuluq üçün nəzərdə tutulan elit toxumlarının gətirilməsi Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Fondu tərəfindən davam etdiriləcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Fondunun nümayəndələrinin Tovuz və Gədəbəy rayonlarında fermerlərlə keçirilən görüşlərdə qeyd edilib. Ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəyə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təsərrüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib.
"Report"un xəbərinə görə, bildirilib ki, toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Fermerlər, məhsul istehsalçıları yüksək məhsuldarlıq əldə etmək üçün keyfiyyətli toxuma üstünlük verməlidirlər. Çünki keyfiyyətli toxum yüksək məhsuldarlığın əsas şərtidir.
Fermer və təsərrüfat sahibləri isə bu il hər hektardan 50-55 sentner məhsul əldə edəcəklərini bildiriblər.
Qeyd edək ki, cari ilin yanvar ayından başlayaraq Dövlət Toxum Fondu tərəfindən Şabran, Xaçmaz, Şəki, Ağcabədi, Qobustan, Füzuli, Beyləqan, Göygöl rayonlarında toxumluq sahələrə baxış keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.