CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixoloqdan gənclərə tövsiyə: "Bu, həyatınızın sonuncu imtahanı deyil, özünüzə qıymayın"

Azad İsazadə bildirir ki, az bal topladığı üçün qınanılan, valideynləri tərəfindən başqaları ilə müqayisə olunan abituriyentlər intihara cəhd edirlər.
Sputnik
BAKI, 6 may — Sputnik. Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayevanın Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atması ilə bağlı məsələ Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olub.
Bu hadisə hər il imtahanla bağlı baş verən analoji insidentlərdən sadəcə biridir. Bundan əlavə, imtahanla bağlı bir sıra intihara uğursuz cəhdlər də olub. Bura stressdən ürəyi dayanan şagirdləri də əlavə etsək, acınacaqlı mənzərə alınır.
Təsadüfi deyil ki, abituriyentlərin mart-aprel aylarından etibarən psixoloqa müraciətlərinin sayı artır. Psixoloq Azad İsazadə deyir ki, müraciətlər zamanı abituriyentlərin həyəcanı aradan qaldırılır, həm də beyinləri rahatlaşır.
Psixoloji gəginliyi aradan qaldırmaq üçün psixoloq abituriyentlərə gecə normal yatmağı, axşam saatlarında dərs oxumamağı, havada gəzməyi, imtahandan bir gün öncə dəftər-kitabdan uzaq olmağı, sağlam qidalanmağı, rahatladıcı metodikalardan istifadə etməyi məsləhət görür: "Telefon, yaxud da kompüter ləngiyəndə, donanda biz onu yenidən söndürüb yandırırıq. Bu səbəbdən, yatmaq, dincəlmək də vacibdir".
O vurğulayır ki, abituriyentlərdən daha çox valideynləri ilə bağlı şikayətlər gəlir: "Valideynlərin övladlarını kiminləsə müqayisə etməsi çox pis, təhlükəli haldır. Valideynlər, "biz pul xərcləyirik, sən qəbul olmasan, qohum-əqrəbanın içində biabır olacağıq", deyirlər. Bu cür hallar sui-qəsdə səbəb olur".
A.İsazadə bildirir ki, qınanılan, valideynləri tərəfindən başqaları ilə müqayisə olunan və bu səbəbdən də intihara cəhd edən abituriyentlər arasında ona müraciət edənlər də olub. Elə şəxlər əksər hallarda təhsil almaq üçün deyil, ilk növbədə ailənin arzusunu reallaşdırmaq üçün hazırlaşırlar.
Psixoloqun imtahan ərəfəsində olan gənclərə başlıca tövsiyəsi budur: "İmtahana çox az qalıb, bundan sonra nəyisə dəyişmək qeyri-mümkündür. Sadəcə, hər şeyi axarına buraxmaq lazımdır. Valideynlər övladlarına hər addımda deməlidir ki, universitetə qəbul olunmasan da, canın sağ olsun".
Mütəxəssis vurğulayır ki, qəbul imtahanı yeniyetmənin həyatda ilk sınağıdır. Uğursuzluğun özü belə bir nəticədir. Ona görə də vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur.
"Sadəcə qəbul etmək lazımdır ki, orta məktəb və ali məktəbə qəbul proqramı üst-üstə düşmür. Abituriyentlərin yüklənməsinin əsas səbəbi budur. Repetitor yanına getməyən abituriyent universitetə qəbul olunmur. Günahı uşaqlarda axtarmaq lazım deyil", - mütəxəssis bildirir.
Psixoloq qəbul proqramının məktəb proqramı ilə uyğunlaşdırılmasının vacibliyini qeyd edib: "Tələbələr daha çox sualların çətinliyindən, imtahanın gərginliyindən şikayətlənirlər. Onlar arasında valideynlərindən gileylənənlər də var. Onlar bəzi hallarda validyenləri tərəfindən daha çox məsuliyyətlə yükləmələrindən narazıdırlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.