AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qeyri-qanuni lotereya və mərc oyunları təşkil edənlərə xəbərdarlıq edilib

Stimullaşdırıcı lotereyanı keçirmək hüququ əldə etmək üçün müvafiq sənədlər lotereyanın keçirilməsinə azı 20 iş günü qalmış nazirliyə təqdim edilməlidir.
Sputnik
BAKI, 5 may — Sputnik. "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərini pozan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, qanunlara əsasən, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.
"Lotereyalar haqqında" Qanunun tələblərinə görə, Azərbaycanda lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız "Azərlotereya" ASC tərəfindən təşkil edilir. Qeyd edək ki, stimullaşdırıcı lotereya malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə keçirilən lotereya formasıdır və iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir.
Stimullaşdırıcı lotereyanı keçirmək hüququ əldə etmək üçün müvafiq sənədlər lotereyanın keçirilməsinə azı 20 iş günü qalmış İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır.
İdman mərc oyunları isə "Bədən tərbiyəsi və idman haqqında" Qanuna uyğun olaraq, "Azərlotereya" ASC və "Caspiantech" QSC ("TOPAZ" ticarət nişanı ilə) tərəfindən həyata keçirilir.
Qanunvericiliyə görə, keçirilməsi qadağan olunmuş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, eləcə də dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan olunmuş idman mərc oyunlarının reklamına yol verilmir.
Lotereya və idman mərc oyunlarının reklamına dair tələblər "Reklam haqqında" Qanunla tənzimlənir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) "qumar oyunu" hesab edilir.
Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların verilməsi, biletlərin satışı, iştirakla bağlı müvafiq əməliyyatları aparan şəxslərə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Bəxtini bir daha sına! Lotereya satışı köşkləri qarşısında izdihamdır