BAKI, 5 may — Sputnik. Cari ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 25,19 milyon ABŞ dolları dəyərində 16 min 226 ton palma yağı gətirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət olaraq 54,4 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Belə ki, hesabat dövründə İndoneziyadan 21,76 milyon ABŞ dolları dəyərində 14 min 413 ton, Malayziyadan 3,43 milyon ABŞ dolları dəyərində 1 min 813 ton belə məhsul alınıb.
Daha öncəki illə müqayisədə Malayziyadan idxalda 7 dəfəyədək artım olub. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi 50,56 min ton palma yağının 60,72 %-i İndoneziyanın, 38,7 %-i Malayziyanın payına düşüb.
Maraqlıdır, digər yağların istehsalı, idxalı və ixracı ilə bağlı vəziyyət necədir? Bəs, ümumiyətlə, ölkədə sağlam, təmiz yağın istehsalında problem varmı?
Qida üzrə eskpert Ağa Salamov bildirir ki, bir mütəxəssis kimi hibrid toxumdan əmələ gələn yağın ölkəyə idxalının əleyhinədir:
"Yerli qarığdalılar əkilməlidir ki, təmiz, saf məhsul əldə edə bilək. Çünki bir məhsulun faydalı olması üçün onun ərazimizdə yetişdirilməsi şərtdir".
Ekspert deyir ki, 1 kiloqram kərə yağını əldə etmək üçün yağlılığından asılı olaraq 20-25 litr südə ehtiyac olur:
"Bunun daşınması, işçi pulunu, çəkilən digər xərcləri hesabladıqda həmin məhsulun dəyərinin daha yüksək olduğunu görürük. Bunun fonunda isə görürük ki, bazarda İrandan gətirilən kərə yağının qiyməti 12 manatdır".
A.Salamov bildirir ki, ən keyfiyyətli yağ nehrə yağıdır və onun saxlanma müddəti də olduqca azdır. Ölkə əhalisinin digər ölkələrlə müqayisədə çox olmadığını əsas gətirən ekspertin sözlərinə görə, meqapolis həyatından uzaqlaşıb kənd təsərrüfatına üstünlük verilsə, buna keçid olsa, əhalini normal kərə yağı ilə təmin etmək mümkün olar. O həmçinin bildirir ki, bu sahənin inkişafı üçün inhisarçılığı aradan qaldırmaq lazımdır:
"Kəndliyə gübrə baha satılmamalıdır ki, kəndlinin görəcəyi işə marağı olsun. Kənd Təsərrüfatı Nazirliyinin işi odur ki, torpaqlardan analiz götürsün və müəyyənləşdirsin ki, hansı torpaq nə üçün yararlıdır".
Onun sözlərinə görə, burada həm sahibkarın, həm də nazirliyin günahı var:
"Məsələn, xiyar üçün yararlı torpaqda pomidor əkilir, məhsul vermir. Sonradan başlayıb dərmanla eyni məhsulu əkirlər, nəticədə torpaq məhv olur".
Pomidor, arxiv şəkli
© AP Photo / Peter Dejong
Qeyd edək ki, Statistika Komitəsinin məlumatına görə, daha öncəki illə müqayisədə Azərbaycanda kərə yağı istehsalı artıb. Belə ki, ötən il Azərbaycanın kərə yağı istehsalı 25740,9, duru və bitki yağının istehsalı 52372,6, marqarin istehsalı 47587,9 ton olub. Ötən il ərzində duru bitki yağının istehsalı 1,7 faiz, marqarin istehsalı isə 4,6 faiz azalıb.
İdxala gəldikdə isə, ötən ildə 13480,2 ton kərə yağı və digər süd yağları, 113,7 ton bitki yağı idxal edilib. Belə ki, bitki yağları – 10,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,5 faiz azalıb. 2021-ci illə müqayisədə 2020-ci ildə mühüm məhsul növlərindən biri kimi bitki yağlarının idxalı 16,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 17,7 faiz azalıb.
İxraca gəldikdə isə, ixracın strukturunda digər məhsullarla yanaşı bitki yağları da əsas paya malik olsa da, daha öncəki illə müqayisədə bitki yağlarının istehsalında 16,1 faiz azalma olub. Belə ki. 2021-ci ildə 10040,3 tondan artıq bitki yağı, 2824,3 tondan artıq marqarin ixrac edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.