AZƏRBAYCAN XƏBƏRLƏRİ

Armen Qriqoryan Ermənistanın Azərbaycana 6 bəndlik təklifindən danışdı

Ermənistan Təhlükəsizlik Şurasının katibi deyib ki, bu iki paket, 5+6 bəndi bir-biri ilə birləşdirilməli və sülh müqaviləsi üzrə danışıqlara başlanılmalıdır.
Sputnik
BAKI, 5 may — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Ermənistanın 6 bəndlik təklifini açıq şəkildə rədd etməsini görmədiyini deyib.
Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən Qriqoryan xatırladıb ki, Bakının 5 bəndlik təklifinə cavab olaraq Ermənistan 6 bəndlik təklif təqdim edib.
"Azərbaycanın təklif etdiyi bəndlər Ermənistan üçün qəbuledilməz deyildi. Ermənistan hərtərəfli sülhün mümkün olması üçün 6 bəndlik təkliflərini irəlü sürüb. İndi bizim yanaşmamız ondan ibarətdir ki, bu iki paket, 5+6 bəndi bir-biri ilə birləşdirilməli və sülh müqaviləsi üzrə danışıqlara başlanılmalıdır", - Qriqoryan bildirib.
O, Ermənistanın Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, müdafiəsi və hüquqlarının həllinin prioritet olması ilə bağlı mövqeyini bir daha bəyan edib.
"Mən bu paketin ictimaiyyət tərəfindən rədd edilməsini görməmişəm. Müzakirələrimizdə belə bir anlayış var ki, bu iki paket birləşdirilməlidir və danışıqlar başlamalıdır. Həm Azərbaycan tərəfi, həm də bütün digər beynəlxalq tərəfdaşlar bu anlayışa malikdirlər. 5+6 bəndi üzrə danışıqlara başlamaq qanuni yanaşmadır və biz bunu başa düşürük", - Qriqoryan bildirib.
Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.