AZƏRBAYCAN XƏBƏRLƏRİ

Polad Həşimova həsr olunmuş film çəkilib

"Poladın izi ilə" sənədli filminin təqdimat mərasimi Nizami Kino Mərkəzində olacaq.
Sputnik
BAKI, 4 may — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlərin istehsalı davam edir.
"Azərbaycanfilm" Kinostudiyasından verilən xəbərə görə, "Poladın izi ilə" adlanan sonuncu film Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunub.
2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur.
Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.
"Poladın izi ilə" sənədli filminin təqdimat mərasimi bu gün Nizami Kino Mərkəzində olacaq.
Mərasimdə şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.
Xatırladaq ki, general-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailəsi ilə birgə Sumqayıt şəhərinə köçdüyündən bu şəhərdəki 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçi peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən "general-mayor" ali hərbi rütbəsinədək yüksələn Polad Həşimov cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
2016-cı ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Sərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.
Polad Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Polad Həşimov barədə bilmədiyimiz gerçəklər onun ailə üzvlərinin dili ilə