SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hazırda Ermənistanda beyinlərin mübarizəsi gedir - Deputat

Politoloq hesab edir ki, Paşinyan tərəfdarlarını yenidən meydanlara toplayacaq, çünki bu həm də Ermənistanın dırnaqarası demokratiya imici üçün vacibdir.
Sputnik
BAKI, 4 may — Sputnik. Yerevanda Paşinyan əleyhdarlarının etiraz aksiyaları səngimək bilmir. Buna baxmayaraq, rəsmi Yerevan Azərbaycanla diplomatik təmasları davam etdirir. Son günlər Ermənistan müxalifətinin sülh danışıqları fonunda Paşinyanı istefaya çağırması, həmçinin Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinin atəşə tutulması proseslərin inkişaf istiqaməti ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov və millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a danışıb.
Politoloq İlyas Hüseynov bildirib ki, Ermənistandakı qarışıqlıqlarda keçmiş iqtidar nümayəndələri xüsusi canfəşanlıq göstərir. Onun sözlərinə görə, nümayişlərin Brüssel sülh gündəliyi ilə üst-üstə düşməsi isə xüsusilə maraqlıdır:
İlyas Hüseynov
"Aprelin 6-da Brüsseldə keçirilmiş üçtərəfli görüşdə mühim razılıqlar əldə olundu. Bundan sonra isə Ermənistanda gərginliklər artmağa başladı. Buna rəğmən Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı baş tutdu. Bu isə konstruktivliyin göstəricisi hesab edilə bilər".
Politoloq hesab edir ki, diplomatik müstəvidə baş verənlər tərəflər arasında etimad atmosferinin gücləndiyindən xəbər verir:
"Bunların fonunda Ermənistanda Paşinyana etimadsızlıq aksiyalarının artması kənar qüvvələrin roluna işarə edir. Eyni zamanda görürük ki, sülh danışıqlarının kövrək olmasından istifadə edən Ermənistan tərəfi mütəmadi olaraq atəşkəsi pozur, hətta sərhəd zonasında diversiyaya cəhd göstərib".
İlyas Hüseynov qeyd edir ki, belə hallar gərginliyin qalıcı olmasına hesablanıb:
"Sülhə doğru addımlar atılan kimi Ermənistanda vəziyyət gərginləşir. Paşinyandan öncəki iqtidarlar da bu yoldan istifadə edirdilər. Amma hazırkı prosesləri ötən ilin fevral-mart ayları ilə müqayisə etdikdə biz proqnozlaşdıra bilərik ki, Paşinyan tərəfdarlarını yenidən meydanlara toplayacaq. O bununla mövcud Ermənistan hakimiyyətinin tərəfdarlarının daha çox olmasına və erməni xalqı tərəfindən dəstəklənməsinə vurğu edəcək. Bu Ermənistanın dırnaqarası demokratiya imici üçün də vacibdir. Bütövlükdə isə cərəyan edən prosesləri hazırki situasiyada Paşinyanın tarazlaya bildiyini düşünürəm".
Millət vəkili Aydın Mirzəzadə isə deyir ki, Ermənistanda bu proseslərin baş verəcəyi gözlənilən idi:
"Ermənistan cəmiyyətinin beyni uzun illərdir yalanlarla yuyulub. 44 günlük müharibə Ermənistan üçün soyuq duş effekti verdi. Bu gün Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edənlər təxminən iki il bundan öncə Qarabağın Ermənistanın olmasını iddia edirdilər. Bu gün Ermənistan cəmiyyətində ayılma prosesinin getməsi vacibdir. Bir qisim anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü tanımadan Ermənistanın gələcəyi yoxdur".
Millət vəkili Aydın Mirzəzadə
Millət vəkilinin fikrincə, Azərbaycanın Ermənistanla münasibətləri olmasa, ölkəmiz bundan nəsə itirməyəcək:
"Mövcud vəziyyətin davam etməsi Ermənistandakı problemləri dərinləşdirməklə, bu ölkənin mövcudluğunu sual altına qoyacaq. Azərbaycanla normal münasibətlərin qurulmasının əleyhinə olanlar küçələrdən hakimiyyətə gəlməyə çalışırlar".
"Ermənistan cəmiyyəti küçəyə çağıranların çağırışlarını qəbul etmir. Prinsip etibarilə əleyhdarları sadəcə hakimiyyətə gəlmək maraqlandırır. Onlar hakimiyyətə gəlsə də, soyuq reallığı qəbul etməli olacaqlar. Hazırda Ermənistanda beyinlərin mübarizəsi gedir. Erməni cəmiyyəti böyük Ermənistan xülyasının oyuncaq ev kimi dağıldığını, öz əkdikləri ağacın acı meyvələrini dadmaq məcburiyyəti qarşısında qalıblar," – deyə millət vəkili fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.