BAKI, 4 may — Sputnik. 2020-ci illə müqayisədə ötən il Azərbaycanda kolbasa istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə 24678,0 ton kolbasa istehsal olunub. 2020-ci ildə isə bu rəqəm 25833.6 ton olub.
Lakin ümumilikdə 2020-2021-ci illərdə kolbasa istehsalı daha öncəki illərlə müqayisədə artıb. Belə ki, 2017-ci ildə Azərbaycanda kolbasa istehsalı 13504.2, 2018-ci ildə 16410.0, 2019-cu ildə 17728.9 ton olub.
Ən çox istehsal isə Bakı, Abşeron və Sumqayıtın payına düşüb.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 8A ünvanında fəaliyyət göstərən, "Al-Sana" MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində keçirdiyi planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edib.
Müayinələrin aparılması üçün müəssisədə istehsal edilmiş bişmiş, bişmiş hissə verilmiş, yarım hissə verilmiş kolbasa məhsullarından və sosiskalardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisədə istehsal olunan hazır məhsullardan götürülmüş sınaq nümunəsinin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkar edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.