BAKI, 4 may - Sputnik. Azərbaycanın İstiqlal şairi Əhməd Cavadın Ankarada heykəli ucaldılıb.
APA Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir ki, Türk Tarix Muzeyi və Parkında ucaldılan heykəlin açılış mərasimi mayın 5-də baş tutacaq.
Eyni zamanda,həmin gün şairin anım mərasimi keçiriləcək.
Əhməd Cavad Axundzadə 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd ilk təhsilini mollaxanada alır.
Sonra ailələri Gəncəyə köçür. O, buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında təhsil alır.
Şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissəsi" sıralarına qatılır. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi gedişində Türkiyənin şərq cəbhəsindəki döyüşləri Sarıqamış uğursuzluğu ilə nəticələnir.
Ölkənin rus ordusunun işğalı altında olan Qars və Ərzurum əhalisi rus və erməni dəstələri tərəfindən qırğına məruz qalır.
Bakıda yerləşən "Azərbaycan xeyriyyə cəmiyyəti" Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım edir. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışır.
Qardaş xalqın ağır günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə "Nə gördümsə" şeirində dilə gətirir.
O, tarixi şeiri 1915-ci il martın 22-də yazır. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad "Qara dəniz" şeirini yazıb və böyük ümidlərlə yaşayıb.
Əhməd Cavadın "Çırpınırdın, Qara dəniz" şeirinin sözlərinə yazılmış mahnı (musiqisi Üzeyir Hacıbəylinindir) bütün türk dünyasının azadlıq və mübarizə himninin əks-sədasıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini - "Azərbaycan marşı"nı yazır. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir.
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də Əhməd Cavadın 130 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.