CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üzən Günəş Panelləri layihəsi nə vəd edir? Torpağa qənaət olacaq, ölümlər azalacaq

Azərbaycanda su hövzəsi yaxınlığında ötürücü şəbəkənin tədqiqatı aparılıb, mövcud və planlaşdırılan yarımstansiyalar, yüksək gərginlik xətləri müəyyən edilib.
Sputnik
BAKI, 3 may — Sputnik. Azərbaycanda Üzən Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı layihəsinin icrası çərçivəsində müəyyən təşkilati-inzibati tədbirlər həyata keçirilir. İlkin olaraq quruda elektrik xətlərinin çəkilməsi məqsədilə ərazidə qazıntı işləri aparılır.
Bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin "Bərpa olunan enerji mənbələrinin inkişafı şöbəsi"nin müdiri Fəqan Abdurəhmanov bildirib.
O qeyd edib ki, layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması planlaşdırılır.
Şöbə müdiri bu stansiyaların üstünlüyündən danışarkən deyib ki, onlar həm su hövzəsinin üzərindəki buxarlanmanı azaldır, həm də su ehtiyatlarının qorunmasına töhfə verir. Digər tərəfdən nisbətən soyuq mühit panellərin effektivliyini artırır və onların istismarını asanlaşdırır.
Üzən günəş panelləri tərəfindən təmin edilən kölgə şirin su hövzələrində yosunların çiçəklənməsini azaltmağa kömək edir:
"Hər kəs bilir ki, yosun çiçəkləri içməli su mənbəyində inkişaf edərsə, insan sağlamlığı üçün təhlükəli ola, həmçinin suda yaşayan bitki və heyvanların ölümünə səbəb ola bilər. Bundan əlavə üzən günəş sistemləri quruda yer tutmadığından torpaq sahələrinə qənaət etməyə imkan verir".
Üzən günəş panelləri layihəsi dünyada az sayda ölkədə tətbiq olunmuş layihədir. Layihə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə müsbət təsir etməklə yanaşı, elektrik enerjisinin ümumi generasiya gücündə bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılması, bu sahəyə özəl investisiyaların cəlb edilməsi və innovativ yeniliklərin tətbiqinə şərait yaradacaq.
Su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır. Maraqlıdır, aparılan araşdırmaların nəticələri nədir?
F.Abdurəhmanov deyib ki, araşdırma işləri Azərbaycan Respublikasında, xüsusilə Abşeron yarımadasında yerləşən göllərin və su anbarlarının müəyyənləşdirilməsi və sahələrinin müəyyən edilməsi ilə başlayıb:
"Daha sonra günəş enerjisi potensiallı sahələr təhlil olunub və içməli su mənbələri, çirklənən su hövzələri, su təchizatı mənbələri, eləcə də balıqçılıq üçün istifadə olunan su hövzələri müəyyən edilib".
Qeyd olunub ki, növbəti mərhələdə hər bir su hövzəsi yaxınlığında ötürücü şəbəkənin tədqiqatı aparılıb, mövcud və planlaşdırılan yarımstansiyalar və yüksək gərginlik xətləri müəyyən edilib. Nəticədə Respublikamızda mövcud olan bir çox su hövzəsini potensialı, şəbəkəyə qoşulma imkanları müəyyən edilib. Bu da öz növbəsində gələcəkdə həmin su hövzələrinin potensialından istifadəyə imkan verəcək.
Şöbə müdirinin sözlərinə görə, gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün müvafiq layihə çərçivəsində araşdırmalar aparılır. Layihə çərçivəsində Azərbaycan ərazisində üzən günəş panellərinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb. Çoxsaylı su obyektləri üzərində araşdırma aparılıb və Coğrafi Məlumat Sisteminə (GIS) əsaslanan metodologiya tətbiq edilməklə su hövzələrinin məlumat bazası yaradılıb:
"Mövcud ötürücü xətlərə və yarımstansiyalara, infrastrukturlara yaxınlıq, günəş radiasiyasının qiyməti və digər parametrlər nəzərə alınmaqla üzən fotovoltaik şəbəkələr üçün su obyektlərinin sahəsi və enerji potensialı təhlil edilib".
Növbəti illərlə bağlı proqnozlar da açıqlanıb. Qeyd olunub ki, ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması tapşırığının icrası ilə bağlı işğaldan azad olunan bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi məqsədilə araşdırmalar aparılıb:
"Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərdəndir. Bu aspektdə, Şərqi Zəngəzur ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə BP ilə razılaşma əldə edilib".
“Yaşıl Enerji Zonası”nın yaradılmasına töhfə verəcək digər bir layihə Laçın yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi perspektividir. Bu layihə üzrə müəyyən edilən ərazilərin məlumatları əsasında hazırlanan “Məlumat sorğusu” sənədi potensial investorlara artıq təqdim edilib.
Bundan başqa, qeyd olunub ki, işğaldan azad edilmiş torpaqlarda 20 meqavat gücündə 4 Su Elektrik Stansiyasını bərpa edilib.Onlardan ikisi Suqovuşanda, biri Laçında, biri isə Kəlbəcər rayonundadır. Növbəti illərdə çoxsaylı kiçik su elektrik stansiyalarının bərpası nəzərdə tutulub: "Həmçinin, gücü 100 MVt olan “Xudafərin” və gücü 40 MVt olan “Qız qalası” Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı işlər davam etdirilir".
2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulub.
Əlavə olaraq, Respublikamızın ən böyük su hövzəsi olan Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Energetika Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq edir. İlkin təhlillərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Gələcəkdə bu potensialdan səmərəli istifadə məqsədilə araşdırmalar aparılır.
Bundan başqa, qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə çərçivəsində bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası, hərraclar üçün şərtlər toplusu, həmçinin imzalanmalı olan müqavilələrin hazırlanması təmin edilir.
Layihənin həyata keçirilməsində beynəlxalq məsləhətçi şirkət cəlb edilmiş və müvafiq qaydalar layihəsi hazırlanmışdır. Sözügedən qaydalar qəbul edildikdən sonra, ölkəmizdə ilk bərpa olunan enerji hərraclarının keçirilməsi planlaşdırılır. Mövcud sahədə tənzimləyici hüquqi bazanın təkmilləşdiriməsi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın təşviqinə təkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.