BAKI, 1 may — Sputnik. Ailə dəyərlərindən uzaq mühitdə böyüyən yeniyetmələr arasında tez-tez münaqişələr baş verir. Bu, ailələrlə işin aparılmamasından irəli gəlir.
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bu fikirdədir. Onun sözlərinə görə, mexanizmlərdə müəyyən boşluqlar var. Çətin tərbiyə olunan uşaq və yeniyetmələr üçün müəssisələr yoxdur.
"Onların reabilitasiyası Sosial Xidmətlər Agentliyi, yaxud da QHT-lərin sığınacağında həyata keçirilə bilməz. Məcburuq ki, sığınacağımızda oğlanlar üçün yaş həddi qoyaq. Məsələn, sığınacağa 12 yaşdan yuxarı oğlanları qəbul edə bilmirik", - Ağazadə deyib.
Bunun səbəbini izah edən birlik sədri deyir ki, belə uşaqlar reabilitasiya keçmiş uşaqların davranışlarına mənfi təsir göstərirlər. Onun fikrincə, Təhsil Nazirliyinin nəzdində olan müəssisələrdə belə uşaqlar üçün bölmələr yaradılmalıdır.
Roman qrupuna aid uşaqlarla bağlı problemə toxunan birlik rəhbəri deyir ki, onların reabilitasiyası açıq tipli müəssisələrdə həyata keçirilə bilməz:
"Sığınacağa yerləşdirə bilmədiyimiz uşaqlar çoxdur. Buna görə də oğlanlar və qızlar üçün ayrı-ayrılıqda belə xüsusi tipli reabilitasiya müəssisələr açılmalıdır".
Ağazadənin fikrincə, narkotikə qurşanan uşağın sığınacaqda tipik uşaqlarla birgə reabilitasiyasının həyata keçirilməsini təsəvvür belə etmək mümkün deyil. Lakin sözsüz ki, digər uşaqlarla yanaşı ona da kömək etmək lazımdır.
Xatırladaq ki, bir neçə gün öncə Gəncədə məktəbli qızlar arasında bıçaqlanma hadisəsi baş vermişdi. Bundan başqa, paytaxtda məktəbli anasını bıçaqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.