MƏDƏNİYYƏT

Milli kinolarımızın çəkildiyi məkanlar niyə məhv edilir?

Köhnə Azərbaycan filmlərinin çəkildiyi, hər anı insanların yaddaşına köçmüş məkanların çoxu məhv olmaq üzrədir. Onları tarix və turizm naminə qorumaq isə heç kəsin ağlına gəlmir.
Sputnik
BAKI, 1 may — Sputnik. Azərbaycanın bəzi klassik filmlərinin çəkildiyi məkanlar baxımsız qalıb. Halbuki, dünyada belə yerlər qorunur və turistlərin diqqətini cəlb edir. Mələsən, Türkiyənin məşhur serialı olan "Yaprak dökümü"nün lentə alındığı Ali Rza bəyin evinə ( "Lazın Köşkü) illərdir ki, turist axını olur. Kinoturizm marşrutunda şəhərlər, təbiətlə bərabər otellər də turizm obyekti kimi məşhurlaşır.
Havanada UNESCO-nun mədəni irsi sayılan qədim "Mercure Sevilla Havane" oteli mədəni arxitektura abidəsi kimi daha çox "Xaç atası" filminə görə tanınır. Mərakeşin El Suvayro liman şəhəri isə "Qladiator", "Aleksandr", "İran şahzadəsi" filmləri ilə məşhurlaşıb və turistlərin axını ilə böyük gəlir qazanır.
Litvanın paytaxtı Riqada "Baharın on yeddinci anı" filmindən məşhur kadrın çəkildiyi "Svetoçnaya ulitsa" küçəsi turistlərin ən çox baş çəkdiyi yerlərdən biridir. Bir sözlə, dünya ölkələrinin kino turizmi ilə bağlı nümayiş etdirilən və turistləri cəlb edən məkanları saysız-hesabsızdır. Bizdə də bu təcrübəni həyata keçirmək olar. Amma təəssüf ki, Azərbaycan filmlərinin çəkildiyi məkanlar getdikcə məhv olur.
"Arxadan vurulan zərbə" filmində Cəbinin öldürüldüyü, əsas səhnənin çəkildiyi dəyirman Şəkinin Bideyiz kəndində yerləşir. Hazırda o dəyirman məhv olmaq üzrədir. Sakinlərin sözlərinə görə, sözügedən su dəyirmanı 1850-70-ci illərdə inşa olunub. Kənd sakini Xammət Əliyev bildirib ki, əvvəlcə dəyirmanı onun atası işlədib. Filmin çəkildiyi 1977-ci ildə isə dəyirmanı kənd sakini Məmməd Əliyev işlədib.
Sakinlərin sözlərinə görə, kolxoz və sovxozlar dağıldıqdan sonra dəyirman Xası Mirzəyev adlı kənd sakininin şəxsi mülkiyyətinə keçib. Həmin şəxs də sonradan dünyasını dəyişdiyi üçün 150 ildən artıq yaşı olan dəyirman baxımsız qalıb və bir hissəsi uçaraq bu vəziyyətə düşüb. Sakinlər 1,5 əsr yaşı olan bu dəyirmanın mədəni abidə kimi qeydiyyata alınmasını və qorunmasını istəyirlər.
Bundan başqa, sosial şəbəkələrdə rejissor Həbib İsmayılovun 1958-ci ildə ekranlaşdırdığı "Ögey ana" filminin çəkildiyi evin son görüntüsü paylaşılıb. Fotonu paylaşanlar həmin evin İsmayıllı rayonunun Qalacıq kəndində bu günədək qaldığını, lakin baxımsızlıq üzündən pis vəziyyətə düşdüyünü bildiriblər.
Hər kəsin sevə-sevə izlədiyi "Ulduz" filminin çəkildiyi məşhur tarixi tikili - ləm Astara rayonunun Ərçivan qəsəbəsində yerləşir. Məhəmmədlə Züleyxanın eşq yaşadığı məkan hazırda baxımsız vəziyyətdədir. Ləm Astaraya gələn turistlərin ilk ziyarət etdiyi məşhur abidələrdən biridir. Xüsusilə yerli turistlər "Ulduz" filmində geniş yer verilən bu tikilinin bərpası və daha yaxşı vəziyyətdə saxlanmasına ehtiyac olduğunu bildirirlər.
Tikilinin yerləşdiyi evin sahibi Əsədulla Musayevin sözlərinə görə, tarixi tikilinin Mədəniyyət Nazirliyi tərəfindən qorunan abidələr siyahısına daxil edilməsini nəzərə alaraq, sözügedən quruma müraciət etdiklərini bildirib. Ə. Musayev qeyd edib ki, müraciətdən xeyli müddət keçsə də, ləmin bərpası üçün heç bir addım atılmayıb.
Qeyd edək ki, 58 il bundan əvvəl "Ulduz" filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsində gördüyümüz ləm 1906-cı ildə inşa olunub. Abidə Mədəniyyət Nazirliyi tərəfindən qorunur.
Azərbaycan kinosunun incilərindən olan "Uzaq sahillərdə" filminin kadrlarının ən məşhur səhnələri Ağsu rayonunda çəkilib. Əfsanəvi partizan Mixaylonun - Mehdi Hüseynzadənin son döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi Kövlic kəndindəki ev bərbad vəziyyətdə də olsa, saxlanılır. Ancaq həmin evin təmir olunması, turizm obyekti kimi heç olmasa yerli turistlərin üzünə açılması yaxşı olardı.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlərin abidə qismində dövlət qeydiyyatına alınması üçün Dövlət Xidmətinə müraciət olunur. Dövlət Xidməti də öz növbəsində həmin obyektlərin memarlıq dəyəri, tarixi əhəmiyyətinin qiymətləndirilməsi üçün AMEA-nın müvafiq institutu ilə birgə tədbirlər həyata keçirir.
Müvafiq qanunvericiliyə əsasən obyektin dəyəri müəyyən edildikdən sonra onların daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün təklif hazırlanır.
Abidə statusu alması üçün obyektlər aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Obyektlərin memarlıq abidələri kimi siyahıya daxil edilməsi üçün onlar öz həcm-plan həllini kifayət qədər saxlamalıdır. Tarixi abidələrə cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.