ELM

BDU-da daha təhlükəsiz və enerjini çox saxlayan batareya icad edilib - VİDEO

Universitetin nəzdində olan laboratoriyada enerjinin generasiya olunması və onun saxlanılması üçün super kondensatorlar yaradılıb, lakin hələlik sənaye bundan xəbərsizdir.
Sputnik
BAKI, 1 may — Sputnik. Bütün dünyada enerji böhranı və qlobal istiləşmə müşahidə olunur. Bu hadisələrin fonunda bir çox ölkələr bərpaolunan enerji mənbələri və onların tətbiqini düşünürlər. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi Tədqiqat Laboratoriyasında enerji böhranı, qlobal istiləşmə nəticəsində yaranan problemlərin həlli ilə məşğuluq.
Bunu adıçəkilən laboratoriyanın əməkdaşı Orxan Güləhmədov deyib.
Onun sözlərinə görə bu problemlərin həlində əsas istiqamət alternativ enerji mənbələri və onlardan istifadədir. Yəni, Günəş və külək enejisi, su dalğaları, yaxud da müxtəlif mexaniki hərəkətlər nəticəsində enerji əldə etmək mümkündür. Bunun üçün triboelektrik nano generatordan istifadə edirlər.
Dünyada davam edən bu qlobal problemin qarşısını almaq, batareya tullantılarının, eyni zamanda da zərərin azaldılması üçün O.Güləhmədov laboratoriyada enerjinin generasiya olunması və onun saxlanılması üçün super kondensatorların yaradılması üzərində işləyərək onu hazır vəziyyətə gətirib. Onun bu tədqiqatı artıq dünyaca nüfuzlu Enerji Araşdırmaları üzrə Beynəlxalq Jurnalda da dərc olunub:
"Enerjinin generasiyasından sonrakı əsas məsələ onun toplanmasıdır. Bu enerjinin toplanması üçün batareyalar ən sadə nümunələr olsa da, onlar uzunömürlü deyillər. İstifadə müddəti bitən bu batareyalar ətraf mühitə tullandıqda ekoloji vəziyyət üçün böyük təhlükə yaradırlar".
Bir çox batareyaların üzərində qeyd olunur ki, istifadə müddəti bitdikdən sonra onlar zibilliyə atılmamalıdır. Bu tullantılar zibilliyə atıldıqda digər çeşidlərlə əlaqədə olur, daha çox kimyəvi təsirə məruz qalır, nəticədə hətta partlayış da baş verir.
Batareyaların ömrünün qısa olması onun istehsalına tələbatı daha çox artırır. Belə batareyaların istehsalı isə daha çox ekoloji mühitin zəhərlənməsinə səbəb olur. Bu batareyaların həcminin böyüklüyü də təhlükənin miqyasını artırır:
"Saat batareyasını təsəvvür edin. Kiçik, miniatür sensorun tərkibinə böyük bir batareyanı yerləşdirmək mümkünsüzdür. Sistemlərin daha kiçik olması çox önəmlidir. Bu səbəbdən də biz kiçik və effektiv batareyadan istifadə etməliyik".
Laboratoriya şəraitində yaradılan super kondensatorlar - yəni, böyük enerji tutumları miniatür olmaqla böyükhəcmli batareyaları əvəz edir. Uzunömürlü olan bu enerji tutumları yığılan enerjini daha uzun müddət saxlaya bilir:
"Fərz edin ki, adi batareya 60 faiz enerji saxlayırsa, bu batareyalar enerjini 90 faiz saxlaya bilir. Onların tərkibində istifadə olunan kimyəvi maddələrin sayı azdır".
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi Tədqiqat Laoratoriyasının əməkdaşı
Burada kimyəvi maddələrdən deyil, metal əsaslı nanonaqillər, digər polimer materiallardan istifadə edilir. Bu batareyaların əsas üstünlüyü ondan ibarətdir ki, istifadə müddəti bitdikdən sonra kənardan müəyyən mexaniki təsirlər edərək onu yenidən yükləmək mümkündür.
O.Güləhmədov deyir ki, bu batareyalar çox nazik təbəqə şəklində olur. Həmin o kiçik təbəqə onlarla, bəzən yüzlərlə batareyanı əvəzləyə bilir: "Biz özümüz bu supertutumluları yaradırıq və elektrik enerjisinin generasiyasını edirik. Bu iki tədqiqat işini birgə aparırıq".
"Power Bank" rolunu oynayan bu supertutumlular elektrik enerjisinin əlçatmaz olduğu yerlərdə, uzaq səyahətdə xüsusən əlverişlidir:
"Təsəvvür edin haykinqlə məşğulsuz, telefonun enerjisi bitib. Nə etməlisiz? Bu cür batareyalarla istənilən zaman telefonu enerji ilə təmin etmək mümkündür. "Power Bank"ı düşünün, eyni üsulla telefonu enerji ilə təmin etmək mümkündür. Yaxud da, məqsəddən asılı olaraq, kiçik təbəqə şəklindəki həmin supertutumu telefona daxil etmək mümkündür".
Orxan Güləhmədov
Həmsöhbətimiz deyir ki, onun daxilə yeləşdirilməsi ilə telefon şirkətləri məşğul olmalıdırlar.
O.Güləhmədovun sözlərinə görə, supertutumda seperatordan istifadə edilir: "O batareyanın tam mərkəzində yerləşir və yükləri paylayır. Bu seperatorlar polemir materiallardan hazırlanır".
Laboratoriyada elektrodlar da hazırlanır: "Artıq elektrodları nano naqillər vasitəsilə əldə edirik. Xüsusilə gümüş nanonaqillər elektrik enerjisinə çox həssasdılar. Nanonaqillər insan telindən yüz min dəfə kiçik olduğundan görünməzdir".
İstehsal və sənaye əlaqələri ürəkaçan deyil
O.Güləhmədovun sözlərinə görə, haqqında bəhs etdiyimiz icadın istehsalata tətbiqi üçün sənaye ilə əlaqələrin genişlənməsi lazımdır: "Biz bu batareyaları yaradır, uzumömürlülüyünün, maya dəyərinin nə qədər olduğunu açıqlayırıq. Həmin supertutumluların gərginliyini və s. ölçə, nə qədər enerji saxlaya biləcəyini araşdıra bilirik. Gördüyümüz işlərlə bağlı qrant layihələri yazırıq".
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi Tədqiqat Laoratoriyası
Laboratoriyada qalan tədqiqatlar
O bildirir ki, hələlik Azərbaycanda supertutumluların istehsalı ilə bağlı işlər aparılmır. Əsas problem isə universitetlərlə sənaye arasında əlaqələrin çox zəif olmasıdır. Halbuki sənayenin də universitetlərdə aparılan tədqiqat işlərindən xəbəri olmalıdır.
Görülən digər işlər
Universitetin nəzdində fəaliyyət göstərən laboratoriyada nanonaqillər, nanohissəciklərin sintezi ilə bağlı tədqiqat işləri aparılır: "Əsas işimiz bərpa olunan enerji mənbələrinin strategiyasını hazırlamaqdır. Günəş panelləri ilə bağlı tədqiqat işlərini də bu laboratoriyada aparırıq".
Qeyd edək ki, il ərzində Avropada satılan 205 000 ton batareyadan yalnız 100 min tonu tullantı olaraq yenidən istehsal edilib. Bir çox ölkələr bu gün batareya tullantılarının zərərlərini azaltmaq üçün ondan müxtəlif məqsədlərlə isitfadə edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.