BAKI, 1 may — Sputnik. Paytaxtda yeni yaşayış binalarının inşası ekoloji prosesin pozulmasına səbəb olur. Bu barədə bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib.
Agentlik sədri deyib ki, binalar inşa olunarkən əhalinin sayı, mövcud ekoloji parametrlərin reallığı mütləq nəzərə alınmalıdır. Çünki həmin tikililər sonda ekoloji prosesin müəyyən mənada pozulmasına, mənzərənin pisləşməsinə gətirib çıxarır. Nazirlik rəsmisi onu da vurğulayıb ki, mərkəzi yerlərdə parklara diqqət yetirilməlidir.
Tələb var, əməl edən yox
Qeyd edək ki, bu günlərdə Bakı şəhərində qəzalı binaların inventarizasiyasına başlanılıb. 100-dən çox qəzalı bina sökülərək yerində çoxmərtəbəli binalar inşa olunacaq. Bakıda söküləcək binaların yerində yeni göydələnlərin inşa olunacağını nəzərə alsaq, Bakının ekoloji vəziyyətinin bir az da pisləşəcəyi qaçılmazdır.
Məlumat üçün bildirək ki, Azərbaycanda hələ 2019-cu ildən tikinti şirkətlərinin qarşısına yeni tələblər qoyulub. Çoxmərtəbəli bina inşa edən sahibkarlar, ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalıdırlar. Bu tələb "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları" nda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində öz əksini tapsa da, tikinti maqnatları əksər hallarda buna əməl etmirlər.
Mərmər parklar yaşıllığa çevrilməlidir
Əmlak məsələləri üzrə eskeprt Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 1985-ci ilədək Bakı MDB və region ölkələrinin ən yaşıl şəhərlərindən biri olub. Amma hazırda Bakı sputnikdən baxdıqda boz torpaq sahəsinə bənzəyir. E. Fərzəliyev bildirir ki, Bakıda son illər salınan parkların sayı artsa da, insanların sıx yaşadığı ərazilərdə yaşıllıq sahələri azalıb. Çünki, köhnə parkların bir hissəsi yaşayış binalarına çevrilib. Digər ərazilərdə isə parklara ağac əkmək, yaşıllıq salmaq əvəzinə mərmər döşənib. Onun sözlərinə görə, mərmər döşəməli parklar yaşıllıqlarla əvəzlənməlidir.
Ekspert bildirdi ki, köhnə tikilmiş binaların həyətlərindəki ağacların isə bir qismi ömrünü başa vurub: "Onları yeniləri ilə əvəzləmirlər. Dekorativ, ekologiyaya elə bir faydası olmayan ağaclar əkilir. Əvvəllər şam ağacları əkilərdi. Bu ağacları havanı təmiz saxlamaqla yanaşı, sürüşmənin də qarşısını da alırdı. Çünki, bu ağacın rişələri torpağa kök salaraq torpağı bərkidirdi, sürüşmənin qarşısını alırdı".
Köhnə binalar söküldükcə ekoloji problem daha da artacaq
Həmsöhbətimiz deyir ki, qəzalı binalar sökülüb yerində yeniləri inşa olunduqca bu mənzərə daha da pisləşəcək. Onun sözlərinə görə, Bakıda hələ qeydiyyatdan keçməyən yüzlərlə köhnə qəzalı bina var. Bu binaları dövlət yox, özəl tikinti şirkətləri sökür. Bu zaman onlar tikintiyə və sakinlərin köçürülməsinə, bina hazır olanadək kirayədə yaşamasına qoyduqları xərci çıxartmağa, gəlir əldə etməyə çalışırlar. Onlar tikinti zamanı əksər hallarda yaşıllıq normalarına əməl etmirlər. E. Fərzəliyev bildirir ki, indi Bakıda tək-tük yaşıllıq əraziləri qalıb ki, onlar da qəbiristanlıqlardır: " Bakıda ən yaşıl ərazilər "Yasamal qəbiristanlığı", Mərkəzi Nəbatat bağıdır. Digər yerlərdə isə yaşıllıqlar binaların həyətində qalan tək-tük ağaclardır".
Ekspert bildirir ki, sovet dövründə inşa olunan yaşayış binaları əhalinin sayına, yaşıllığa uyğun hesablanıb. Amma son illər Bakıda əhali sayı sürətlə artıb. İnsanlar üçün nəzərdə tutulan yaşıllıq əraziləri də binalarla əvəzlənib. Ona görə də yaşıllıqların sayı artırılmalıdır. Köhnə binaların həyətindəki ağacların yaxınlığından yeni ağaclar əkilməlidir ki, həmin ağaclar quruduqdan sonra yaşıllığı qoruyub saxlamaq mümkün olsun.
E. Fərzəliyev deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu sahibkarların qarşısına yaşıllıqların salınmasını bir tələb kimi qoymalıdır: "Binalar inşa olunmazdan əvvəl çoxlu sayda dövlət qurumlarının razılığı alınır. Yaşıllıqlar da şəhərsalmanın normaları sayılır. Bina inşa edən sahibkarlardan bu normalara əməl etmək tələb olunmalıdır".
"Layihələri çox vaxt dəfələrlə geri qaytarırıq"
Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar maksimum yeni binalar inşa olunarkən yaşıllıqların salınmasının təmin olunmasına çalışırlar. Hətta M. Qənbərov bunun üçün onlara təqdim olunan bina layihələrinin dəfələrlə geri qaytarıldığını söyləyir. Həmsöhbətimiz deyir ki, bəzən elə layihələr təqdim olunur ki, bina inşa olunandan sonra o ərazidə yaşıllığın salınmasına yer qalmır: "Biz əlimizdən gələn qədər çalışırıq ki, binalar inşa olunarkən yaşıllıqlar üçün ərazi saxlanılsın.
M. Qənbərov deyir ki, binalar inşa olunarkən ekoloji normalar, atmosfer havasının dövriyyəsi, yaşıllığın həcmi, sıxlığı, adambaşına düşən kvadratı gözlənilməlidir.
Agentlik sədri deyir ki, onlar qəzalı binalar sökülüb yerində yeniləri inşa olunarkən ərazinin üçdə bir hissəsinin yaşayış, üçdə iki hisssəsi yaşıllıq, park üçün saxlanılmasını təklif edirlər: "Layihələri çox hallarda geri qaytarsaq da hədəfə çata bilmirik. Tikinti şirkətlərinin bəziləri yaşıllıq salsalar da bu bizim istədiyimiz qədər deyil. Biz yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi baxımından 25 faizə son zamanlar nail olmuşuq. Hədəfəyirik ki, bu rəqəm ən azı 33 faizə çatdırılsın. Bu şəhərin görünüşünə də təsir edir".
Tikintiyə icazəni illər öncə alan sahibkarlar yeni normalara əməl etmək istəmir
Ekoloqlar da məsələ ilə bağlı həyacan təbili çalır. Ekoloq Fikrət Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları" na əməl edilməsinə çalışır. Hətta yerində də tikinti zamanı da buna nəzarət edilir: "Amma Bakıda bu gün inşa olunan binaların çoxu tikintiyə icazə rəyini illər əvvəl, yəni yeni "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"ilə bağlı qərardan öncə alıb. Belə halda onlardan indiki normalra əməl etmələrini tələb etmək çox çətin olur".
F. Cəfərov deyir ki, ona görə də, tikinti şirkətlərindən yaşıllıqla bağlı tələblər binanın inşasına razılıq alınarkən qoyulmalıdır. Əgər bina inşa edən şirkət ərazidə yaşıllıq üçün yer qalmırsa, əlavə sahə almalıdır:" Mən dəfələrlə iclaslarda da şahidi olmuşam ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tikinti şirkətinə yaşıllıq nəzərdə tutulmadığı halda layihəni dəyişdirməyə məcbur edib. İkinci dəfə layihəyə baxanda görürük ki, xeyli ərazini yaşıllıq üçün ayırıblar. Bu 30-40 faizə çatmasa da, tikinti şirkəti layihəni dəyişdirməyə məcbur edəndə ən azı 25 faiz yaşıllıq üçün yer saxlayır".
Ekoloq ümumi götürdükdə son 10-15 ildə Bakıda yaşıllıq ərazilərinin, ictimai istirahət zonalarının 20 dəfə artdığını söyləyir. Onun sözlərinə görə, yeni salınan yaşayış ərazilərində yaşıllıq normalarına əməl edilir. Həmsöhbətimiz bildirir ki, buna misal kimi "Ağ Şəhər" layihəsini qeyd etmək olar. O, deyir ki, bu layihədə hər üç-dörd binanın arasında park salınır: "Bakıda bundan sonra salınacaq yaşayış komplekslərində də bu cür normalara əməl edilməlidir ki, paytaxtda əhali sayının artması fonunda ekoloji böhran yaranmasın".
Qeyd edək ki, "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi" normalarında yaşıllıq norması 40 faizdir. Amma müstəsna hal kimi 30 faiz də götürülə bilər. Yeni qayda beş il və daha əvvəl inşa olunmuş binalara aid deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.