İQTİSADİYYAT

Azərbaycanda inflyasiya necə olacaq?

Dünyada əmtəələrin bahalaşmaqda davam etməsi dünyada inflyasiyaya təsir göstərməkdə davam edir.
Sputnik
BAKI, 1 may — Sputnik. İllik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməyib. Ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımları ölkə iqtisadiyyatına inflyasiya idxalını sürətləndirsə də, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, nominal effektiv məzənnənin isə möhkəmlənməsi bu idxal inflyasiyasını əhəmiyyətli məhdudlaşdırır.
Bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında məlumatında deyilir.
Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti qərarları və hökumət tərəfindən qəbul olunan antiinflyasiya tədbirlərinin həyata keçirilməsi də inflyasiyaya məhdudlaşdırıcı təsir edir.
Digər tərəfdən 2022-ci ilin sonuna pul təklifinin artım proqnozunun aşağıya doğru təshih edilməsi kəmiyyət amilləri hesabına monetar şəraiti sərtləşdirməklə inflyasiyaya azaldıcı təsir göstərir və pul siyasətinin dəyər baxımından əlavə sərtləşdirilməsinə zərurəti azaldır.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qlobal iqtisadiyyatda meyillər, ölkə iqtisadiyyatının və maliyyə bazarlarının bu meyillərə reaksiyası, inflyasiya proqnozunun faktla müqayisəsi nəzərə alınmaqla qəbul ediləcək.
İnflyasiya prosesləri
Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməyib.
Rəsmi statistikaya görə 2022-ci ilin martında ötən ilin eyni ayına nəzərən qiymətlərin ümumi səviyyəsi 12.1% artıb. Aylıq inflyasiya isə 1.1% olub. Martda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 16.8%, qeyri-ərzaq məhsulları 6.6%, xidmətlər isə 10% bahalaşıb.
Dünya birjalarında əmtəələrin bahalaşmaqda davam etməsi dünyada inflyasiyaya təsir göstərməkdə davam edir.
Dünya Bankının məlumatına görə martda dünya əmtəə qiymətləri enerji məhsulları ötən ilin eyni ayına nəzərən 2 dəfədən çox, qeyri-enerji məhsulları üzrə isə 31.7% yüksəlib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri təkcə mart ayında 12.6%, son bir ildə isə 33.6% artıb. Bütün bunlar tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi ilə müşayiət olunsa da, nominal effektiv məzənnənin möhkəmlənməsi inflyasiya idxalını əhəmiyyətli məhdudlaşdırır.
Ötən iclasdan bəri ev təsərrüfatlarının inflyasiya gözləntilərində azalma müşahidə edilib. İnflyasiyanın daha da artacağını gözləyən ev təsərrüfatlarının payı cari ilin I rübündə 24.5% təşkil edib ki, bu da bundan əvvəlki rübdəki 28.6%-dən azdır.
Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır.
Manat və dollar
Xarici sektor
Geosiyasi vəziyyətin qlobal iqtisadi mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklər yüksək qalsa da, tədiyə balansının profisitli olacağı proqnozlaşdırılır.
Ötən iclasdan bəri Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri yüksək olaraq qalıb. "Brent" markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 100 ABŞ dollarını üstələyib.
Digər mühüm ixrac məhsulu olan qazın qiyməti də yüksək səviyyədə qalmaqdadır. Beynəlxalq təşkilatlar enerji daşıyıcılarının, o cümlədən neftin cari ilə proqnoz qiymətini artırmaq istiqamətində təshih edirlər.
İxrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi və qeyri-neft ixracının artmaqda davam etməsi tədiyə balansının cari əməliyyatlar hesabında profisiti artırır. Bu da ölkənin strateji valyuta ehtiyatlarının artmasına və valyuta bazarında tarazlığın dəstəklənməsinə şərait yaradır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul edib. Bu barədə AMB-nin sədri Taleh Kazımov aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində saxlanılıb.
Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il iyun ayının 17-də veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İNFOQRAFİKA
Azərbaycanda 2026-cı ilə qədər inflyasiya proqnozu