BAKI, 30 aprel - Sputnik. "Dövlətlərarası münasibətlərdə eramızdan əvvəl mövcud olan tarixə və mifologiyalara istinad halları bir qayda olaraq istifadə olunan təcrübə deyil". Bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
APA-nın Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan Respublikası Prezidentinin sərhədlərin delimitasiyası çərçivəsində əsas kimi götürülə biləcək xəritələrlə bağlı söylədiklərini şərh edərək qədim tarixə ekskurs etməsi ilə bağlı sualın cavabında Azərbaycan XİN rəsmisi qonşu Ermənistan xarici işlər nazirinin məsələyə belə yanaşmasını rast gəlinən nadir hallardan adlandırıb:
"Ciddiyyətə geri dönsək, Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, sərhədlərin delimitasiyası prosesi çərçivəsində müvafiq xəritələrdən istifadə edilməsi birgə sərhəd komissiyalarının danışıqlarının tərkib hissəsi olacaq və biz hüquqi əsası olan bütün xəritələrdən istifadə edəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.