BAKI, 29 aprel - Sputnik. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Dövlət başçısı diqqətə çatdırıb ki, Rusiya İkinci Qarabağ müharibəsinə son qoyulmasında aktiv şəkildə iştirak edən ölkədir.
Prezident xatırladıb ki, Rusiyanın sülhməramlıları müvəqqəti Azərbaycan ərazilərində yerləşib: “Üstəlik, Rusiya ilə illərdir çalışdığımız iqtisadi, enerji, nəqliyyat, mədəni, humanitar sahələr üzrə genişmiqyaslı məsələlər var. Əlbəttə, biz Rusiyadan hərbi vasitələr alırıq, əlbəttə, doğrudur biz onları ödənişsiz əldə edən Ermənistandan fərqli olaraq, bazar dəyərinə alırıq. Bunlar dırnaqarası kreditlər hesabına ödənilirdi, amma bu kreditlər heç vaxt qaytarılmayıb. Fərq budur. Amma eyni zamanda, düşünürəm ki, bu regional oyunçulara bir növ mesajdır ki, burada sülh olmalıdır. Türkiyə və Rusiya – hər ikisi müharibədən sonra regiondakı yeni konfiqurasiyada iştirak etdilər. Bilirsiniz ki, vəziyyəti müşahidə etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir. Düşünürəm ki, tarixdə ilk dəfədir ki, belə bir tənzimləmə mümkündür. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələri – biz indi görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəs üçün vasitəçilik edir. Beləliklə, bütün bunlar regional təhlükəsizliyə və sabitliyə xidmət edir və eyni zamanda, bizim əməkdaşlığımızın müstəqil xarakterini nümayiş etdirir”.
Müharibədən sonra baş verənlər göstərir ki, bizim heç bir pis niyyətimiz yoxdur. Əksinə, biz sülh və ərazi bütövlüyümüzün tanınmasını istəyirik.
Ölkəmizdə yaşayış standartlarının Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri ilə müqayisədə qat-qat üstün olduğunu qeyd edən dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb.
“Bu, bir daha bizim niyyətimizin təzahürüdür. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün ilk növbədə separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.