RUSİYA

Lavrov və Mirzoyan Azərbaycanla sülh müqaviləsini müzakirə ediblər

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığının detallarını açıqlayıb.
Sputnik
BAKI, 29 aprel — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair fikir mübadiləsi aparıblar.
"Regional kontekstdə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması müzakirə olunub", - XİN-dən bildirilib.
Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Bildirilib ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın görüşü olub. Görüşdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub.
Rusiya XİN rəhbəri erməni həmkarına bildirib ki, ölkəsi bundan sonra da üçtərəfli bəyanatların icrasının təmin olunması istiqamətində fəaliyyət göstərəcək.
Sergey Lavrov onu da bildirib ki, 10 noyabr üçtərəfli bəyanatı əsasında bölgədə fəaliyyət göstərən Rusiya sülhməramlı kontingenti də öhdəliyinə düşən vəzifələrin icrasını ciddi şəkildə davam etdirəcək.
"Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılmasına kömək etməyə hazırdır", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb.
Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılması ilə bağlı indi Yerevan və Bakı arasında gedən işə yardım etməyə hazırdır", - deyə nazir qeyd edib.
Diplomatlar, həmçinin MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT daxilində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.