SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev Armen Qriqoryanla görüşmək üçün Brüsselə gedəcək

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərinin növbəti görüşünün mayın əvvəlində Belçikanın paytaxtında keçirilməsinin planlaşdırıldığını deyib.
Sputnik
BAKI, 29 aprel - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi, AR Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 2-də Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev də ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə bu barədə məlumat verib:
"Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərinin növbəti görüşünün mayın əvvəlində keçirilməsi planlaşdırılır".
Dövlət başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Avropa İttifaqının (Aİ), xüsusilə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəal rolunu qeyd edib, Aİ-nin təşəbbüsü ilə artıq 2 dəfə üçtərəfli görüşün baş tutduğunu xatırladıb.
“Biz həmçinin telefon danışıqları aparırıq. Mayın əvvəlində yenidən Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşünün keçirilməsi planlaşdırılır”, - Prezident İlham Əliyev bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.