CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazirdən pensiyalarla bağlı vacib qərar

Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə aparılır.
Sputnik
BAKI, 29 aprel — Sputnik. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası" təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydalarda əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi üçün vətəndaşlar, o cümlədən müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri, habelə xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və s. tərəfindən edilən müraciətlərə baxılması və nəticələri ilə bağlı onların məlumatlandırılması vasitələri, müddəti və prosedurları, əmək pensiyalarının təyin edilməsi və hesablanması, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, həmçinin əmək pensiyalarının ödənilməsi və əmək pensiyalarının ödənilməsinin dayandırılması ilə bağlı müddəalar əks olunub.
Qeyd edək ki, Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək. Məlumat üçün bildirək ki, Qanunun 34-cü maddəsi "Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə" adlanır.
Həmin maddəyə görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ var. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə aparılır.
Əmək pensiyasının aşağıdakı növləri var:
yaşa görə əmək pensiyası;
əlilliyə görə əmək pensiyası;
ailə başçısını itirməyə görə əmək pensiyası.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.