TƏHSİL

Şagirdlərin beynəlxalq qiymətləndirmə üzrə nəticələri açıqlanıb

Beynəlxalq qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Şagirdlərin PISA və TIMSS beynəlxalq qiymətləndirmə üzrə nəticələri açıqlanıb.
Bu barədə Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva "Təhsil masası"nda çıxışı zamanı məlumat verib. O bildirib ki, riyaziyyat fənni üzrə şagirdlərin nəticəsi 420, oxu üzrə 389, təbiət fənləri üzrə isə 398 baldır.
Qeyd edək ki, Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir.
Ümumi təhsil sahəsində dünyada üç əsas beynəlxalq qiymətləndirmə proqramı mövcuddur. Bunlar PIRLS, PISA və TIMSS proqramlarıdır. Ölkəmiz hər üç proqramda da iştirak edir. Proqramların məqsədi müxtəlif yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçərək ölkələr arasında müqayisə aparmaq və hər ölkənin nailiyyətini müqayisəli şəkildə təqdim etməkdir.
Azərbaycan hər 5 ildən bir IV sinif şagirdləri arasında keçirilən PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatında (Progress in International Reading Literacy Study) iştirak edir. PIRLS 2016 tədqiqatının əsas məqsədi 4-cü sinif şagirdlərinin oxu bacarıqlarının qiymətləndirilməsi və nəticələrin digər ölkələrlə müqayisə olunmasıdır. 2016-cı ilin aprel-may aylarında ölkə üzrə 170 ümumi təhsil müəssisələrində PIRLS 2016 tədqiqatının əsas mərhələsi keçirilmiş və bütün materiallar PIRLS 2016 tədqiqatını təşkil edən Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) tədqiqat mərkəzinə göndərilmişdir. Tədqiqatın nəticəsinin 2017-ci il ərzində açıqlanması gözlənilir.
PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunaraq 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır.
TIMSS - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı (Trends in International Mathematics and Science Study) Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evalua­tion of Educational Achievement) tərəfindən 1995-ci ildən etibarən həyata keçirilən 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və elm biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Tədqiqat hər 4 ildən bir keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.