BAKI, 28 aprel — Sputnik. Göyçayda polis əməkdaşına qarşı zor tətbiq edilib. Göyçay Rayon Prokurorluğunun xəbərinə görə, aprelin 27-si saat 16 radələrində rayonun Bığır kəndi ərazisində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə Bığır kənd sakini Nursoltan Məmmədov Rayon İcra Hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasına gələrək mübahisə yaradıb.
Bu zaman şəxs onu sakitləşdirməyə çalışaraq nizam-intizama əməl etməyə səsləyən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındırıb. Həmin lövhənin bir hissəsini Şahin Xalidova vurub, nəticədə onun sol qulaq seyvanının səthi kəsilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb. Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə istintaq davam edir.
Xatırladaq ki, bir müddət öncə də bənzər hadisə baş vermişdi. Belə ki, İsmayıllı şəhəri, Nizami küçəsində rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlı İsmayıllı şəhərində xidmət apardığı zaman “BMW X5” markalı, 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudov avtomobildən enərək Bəhram Bəhramlıya müqavimət göstərməklə onun xidməti geyim formasını cırıb, həmçinin əlləri ilə üz və boyun nahiyəsinə zərbələr endirərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.