İQTİSADİYYAT

Dünyada qiymət böhranı yaşanır

Dünya Bankı - 2022-ci ildə enerji daşıyıcılarının qiymətləri 50%-dən çox, qeyri-enerji mallarının qiymətləri isə 20%-ə yaxın artacaq.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Dünya iqtisadiyyatında 1970-ci illərdən bəri ən güclü qiymət böhranı başlayıb.
Belə bir qənaətə Dünya Bankının ekspertlərinin əmtəə bazarlarının perspektivlərinə dair təqdim etdiyi hesabatdan gəlmək olar.
▪ 2022-ci ildə enerji daşıyıcılarının qiymətləri 50%-dən çox, qeyri-enerji mallarının qiymətləri isə 20%-ə yaxın artacaq.
▪ Bu il üçün qazın qiymətinin, o cümlədən Avropada 111% artması gübrələrin qiymətinin təxminən 70% artmasına və kənd təsərrüfatı məhsullarının maya dəyərinin artmasına səbəb olacaq.
▪ Fermerlərin gübrələrdən imtina etməsi, sonradan məhsuldarlığın azalması və təklifin azalması səbəbindən onların məhsulları bahalaşacaq.
▪ Bu il ərzaq məhsulları orta hesabla təxminən 23%, buğda isə 40%-dən çox bahalaşacaq.
Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə nisbətən istehlak qiymətləri 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 17 faiz, qeyri-ərzaq məhsulları 6,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,1 faiz bahalaşıb.
Mart ayında ötən ilin martına nisbətən qida məhsulları ölkədə 17,4 faiz qalxıb.
Azərbaycandan ərzağın çıxarılması tənzimlənəcək
Azərbaycandan əsas ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların çıxarılması tənzimlənəcək. Bununla bağlı Nazirlər Kabineti qərar verib. Həmin məhsulların ölkədən çıxarılması ancaq İqtisadiyyat Nazirliyinin müsbət rəyindən sonra mümkün olacaq.
İqtisadiyyat Nazirliyi həmin malların ölkədən aparılması ilə bağlı müraciətə beş iş günü müddətində baxacaq və rəy verəcək. Bu il ölkəmizdən çıxarılması tənzimlənən malların siyahısı da artıq müəyyənləşib.
Azərbaycanda ərzaq qıtlığı yoxdur
Deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması daha da prioritetləşib: "Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. Bu baxımdan da xüsusən strateji ərzaq məhsullarının yerli istehsalının genişləndirilməsi və işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir".
"Bütövlükdə, dünya sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.