BAKI, 28 aprel — Sputnik. Sosial platformada toylarda bundan sonra nəmərin terminal vasitəsilə yığılacağını əks etdirən görüntülər paylaşılıb. Bu görüntülər böyük maraq doğurub. El şənliklərinin keçiriləcəyi restoranlarda və şadlıq evlərində "TOYPAY" adlı terminalın qoyulacağı, toy sahibinin istəyi ilə dəvət edilən qonaqların nəməri bu aparat vasitəsilə ödəyəcəyi bildirilir.
Məsələ geniş maraq doğurduğundan, Sputnik Azərbaycan toylarda pul yığımının adət etdiyimiz kimi deyil, elektronlaşdırılmış yeni üsulla necə həyata keçiriləcəyini araşdırıb.
"TOYPAY" şirkətinin direktoru Elşən Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ideyanı komanda ilə birgə reallaşdırıblar. Belə ki, onlar həqiqi hərbi xidmətdə olarkən insanların işini rahatlaşdırmaq üçün müxtəlif ideyalar düşünüblər. "TOYPAY" ı yaratmaq ideyası da hərbi xidmətdə olduqları dövrdə yaranıb. Gənclər əsgərlikdən gəldikdən sonra belə bir proqram hazırlayıblar. Həmsöhbətimiz deyir ki, "TOYPAY" adlı elektron terminallar və proqram təminatı toy məclislərində hədiyyə yığımını asan şəkildə həyata keçirməyin müasir üsuludur:
"Biz həmin terminalları şadlıq evlərinə təklif edirik. Artıq 50 restoran bizim bu təklifimizə müsbət cavab verib. Terminallar restoranın foyesində qoyulacaq. Toy etmək istəyən şəxslərə nəmərin elektron qaydada yığılması xidməti restoran sahibi tərəfindən təklif ediləcək. Restoranlar belə bir aparatı bir toy üçün 200 manata kirayələyə bilərlər. Əgər toy mübaşiri (toyun sahibi) istəsə "TOYPAY" terminalından istifadə üçün 200 manat icarə haqqı ödəməlidir. Bu aparatdan istifadə toy sahibinin öz istəyindən asılıdır".
E. Quliyev aparatın bir neçə valyutanı qəbul etmək imkanının olduğunu söyləyir. Onun sözlərinə görə, "Toypay" ilə nəmər salmaq istəyən qonaq, terminalın ekranında dil seçimindən sonra ad, soyad və qeyd bölməsini doldurur, məbləği daxil edir və çek əldə edir. Bu anda ev yiyəsinə email ilə bildiriş göndərilir ki, bu adda şəxs sizin toyunuza hansı məbləğdə pul saldı. Toy davam edə-edə toy mübaşiri qonaqlardan kimin nə qədər nəmər saldığından xəbərdar olur. Toy başa çatmamış nə qədər nəmərin toplandığı bəlli olur.
Şirkət rəhbəri deyir ki, əgər toyda eyni ad və soyadda iki qonaq varsa, terminal vasitəsilə qonaq ad və soyadından sonra toy mübaşirinin qohumu, qonşusu, yaxud da iş yoldaşı olduğu barədə məlumatı qeyd edə bilər.
Həmsöhbətimizin sözlərinə görə, toya salınan nəmərdən heç bir faiz tutulmur. Hər toy üçün aparatın içərisinə bir yaddaş kartı daxil edilir. Həmin yaddaş kartı toy sahbinin özündə qalır. Sonda o terminalın seyfini açaraq toplanmış məbləği götürür:
"Bəzi insanlar elə düşünür ki, bu yolla vergi orqanları onların qazancına nəzarət edəcək. Bu, kökündən yalnış fikirdir. Heç kəsin qonaq siyahısı, toya salınan məbləğin qədəri bizim üçün maraqlı deyil. Biz sadəcə proqram təminatı hazırlayaraq insanlara bunu təklif edirik".
O qeyd edib ki, qonaqlar toya nəmər yazdırarkən terminal vasitəsilə toyu olan gənclərə öz arzularını da bildirə bilərlər. Terminalda şablon təbriklərlə yanaşı kreativ videotəbriklər də yer alıb.
E. Quliyev gələcəkdə də insanların işini asanlaşdıracaq ideyalarını həyata keçirəcəklərini bildirib.
Hazırda Azərbaycan şəhərlərində toya nəmər konvertdə salınır. Kəndlərdə isə siyahı tutulur və hansı qonağın nə qədər nəmər saldığı orada qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.