SƏHİYYƏ

Tibbi maska taxmaq vərdişə çevrilib

Psixoloqlar maska qadağası ləğv olunsa da bu vərdişin insanlarda uzun müddət qalacağını söyləyib.
Sputnik
BAKI, 27 aprel — Sputnik. Nazirlər Kabinetinin qərarına görə, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv ediləcək. Bu qərar cəmiyyətdə rəğbətlə qarşılansa da, psixoloqlar tibbi maskaya qoyulan qadağa rəsmi ləğv edilməsinə rəğmən vərdiş edənlərin hələ bir müddət maskada gəzəcəklərini istisna etmirlər.
Psixoloq Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki il müddətində insanlarda maska taxmağa vərdişi yaranıb. Ona görə də, bu vərdişi tərgitmək bəzi insanlar üçün elə də asan olmayacaq:
"Yadınızdadırsa, koronavirus xəstəliyinin ən çətin qızğın dövründə insanlarda COVID fobiası yaranmışdı. Bəzi insanlar öz yaxınlarını qorumaq üçün evlərinə heç kəsi buraxmırdılar. İçində COVID qorxu olanlarda bu xof qalacaq. Həmçinin istənilən birşeyi beyinə təlqin edəndə vərdişə çevrilir. Ona görə də bir müddət çox insanda bu vərdiş qalacaq. Zaman getdikcə maska taxanların sayı azalacaq".
Həmsöhbətimiz deyir ki, anoloji hal açıq havada maska qadağası ləğv olunduqda da yaşanıb:
"Açıq havada maska qadağası hazırda qüvvədə deyil. Bununla belə küçədə bəzi insanların açıq havada maskada gəzdiyinin şahidi oluruq. Bu cür hallar göstərir ki, maska taxmaq iki ildə insanlarda bir növ vərdiş halı alıb".
Qeyd edək ki, qərara əsasən Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
COVID pasportu ləğv ediləcək? - Rəsmi açıqlama