BAKI, 27 aprel — Sputnik. Onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Milli Məclisdə "Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlara dəyişikliklərə baxılıb.
"Onkoloji yardım haqqında" qanuna əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Təklif edilən dəyişikliyə görə, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Mövcud "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna görə də əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Dəyişikliyə görə, əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.