AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclis Şuşada dinləmələr keçirib - FOTO

Doğmalarına qovuşmuş Şuşa indi bir sıra möhtəşəm tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının Qurultayına və Milli Məclisin tədbirlərinə ev sahibliyi edir
Sputnik
BAKI, 27 aprel — Sputnik. Aprelin 27-də Şuşada Milli Məclisin daha iki komitəsinin - İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə dinləmələri keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, birgə dinləməyə üç mövzu çıxarılıb. Gündəliyin təsdiqindən sonra Fəzail İbrahimli "İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər" mövzusunu təqdim edib.
Milli Məclisin sədr müavini mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı Zəfər son iki yüz illik dövlətçilik tariximizin ən böyük təntənəsi, milli maraqlara və bəşəri dəyərlərə söykənən dövlət siyasətinin, müdrik rəhbərliyin məntiqi nəticəsidir.
Fəzail İbrahimli diqqətə çatdırıb ki, Azərbaycan heç zaman indiki kimi güclü və müstəqil olmayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və gərgin əməyi nəticəsində rəşadətli Azərbaycan Ordusu uzun illər işğalda qalan torpaqlarımızı azad etdi. Doğmalarına qovuşmuş Şuşa indi bir sıra möhtəşəm tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının Qurultayına və Milli Məclisin tədbirlərinə ev sahibliyi edir. Vitse-spiker bu tədbirlərin Şuşada keçirilməsinin böyük siyasi, mənəvi, ictimai və hüquqi əhəmiyyətindən danışıb.
Sonra "Böyük Qayıdış və reinteqrasiya: məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüququn və humanitar təsisatların yeri və rolu" mövzusunu İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov təqdim edib. O, Prezident İlham Əliyevin 2022-ci ili ölkəmizdə "Şuşa ili" elan etməsini beynəlxalq hüququn təntənəsi adlandırıb, bu qərarın həm beynəlxalq, həm milli çərçivədə hüquqi, regional və humanitar nəticələri barədə danışıb.
Şuşada Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib
Deputat Ermənistanın apardığı təcavüz siyasətini, keçmiş işğal bölgəsində yaşayış üçün bütün şəraitin, infrastrukturun yararsız hala salınmasını, kənd təsərrüfatı, sənaye və digər formalaşmış istehsalat sahələrinin, o cümlədən vətəndaşlara məxsus əmlakın tam şəkildə dağıdılmasını beynəlxalq hüququn pozuntusu kontekstində qiymətləndirib.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə görülən işlərin məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün şərait yaratmağa xidmət etdiyini vurğulayıb.
Tədbirdə "Şuşa ili Qarabağda Zəfərin davamı kimi: beynəlxalq hüquqi, regional və humanitar nəticələr" mövzusunu isə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Məmmədov təqdim edib. Deputat Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari ilin "Şuşa ili" adlandırılmasının siyasi, hüquqi əsaslarından bəhs edib, bu qərarı postmünaqişə dövrünün reallıqları, regionda və dünyada baş verən hərbi-siyasi, geostrateji dəyişikliklər kontekstində dəyərləndirib. O, Azərbaycan dövlətinin XXI əsrdə dünyada baş verən kardinal dəyişikliklərə adekvat siyasət yürütməsindən və bu siyasətin regional və qlobal çağırışlara cavab verməsindən danışıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı yeni reallıqların dünya nizamına təsiri barədə fikirlərini bölüşüb.
Təqdimatlardan sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib. Komitə sədri bu günə kimi gələn 30 illik yola nəzər salıb. O, gündəliyin mövzuları barədə fikirlərini açıqlayaraq komitələrin birgə dinləmələrinin mövzularını Şuşa gündəliyi kimi dəyərləndirib. Şuşanın ölkənin ictimai-siyasi həyatındakı yerinə, roluna toxunan komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş torpaqlara, xüsusən də Şuşaya səfərlərindən söz açıb, Şuşa tribunasının Azərbaycanın və regionun gündəliyinə təsirlərindən danışıb.
Son 30 ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasının acı nəticələrindən və miqyasından bəhs edən komitə sədri bir milyona yaxın məcburi köçkünün doğma yurd-yuvalarına qayıtması, Böyük Qayıdış prosesinin daha da sürətləndirilməsi, regional iqtisadi-ticarət layihələrinin dəstəklənməsi, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.
Mövzularla bağlı İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, deputatlar Anar İsgəndərov, Jalə Əhmədova, Cavanşir Paşazadə, Razi Nurullayev, Elman Nəsirov, Ceyhun Məmmədov, Azər Badamov, Malik Həsənov, Elşad Mirbəşir oğlu, Naqif Həmzəyev çıxış edərək fikirlərini bildiriblər. Deputatlar Şuşanın tarixən Cənubi Qafqazda tutduğu geostrateji mövqedən, Azərbaycanın ictimai-siyasi, mədəni, dövlətçilik həyatındakı rolundan danışıblar.
Şuşada Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib
Deputatlar qeyd ediblər ki, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin əsasında cənab Prezidentin uzaqgörən və praqmatik siyasəti, Ali Baş komandanın ətrafında bir "Dəmir yumruq" kimi birləşən xalq-ordu birliyi dayanır.
Millət vəkilləri düşmənin işğal etdiyi bütün ərazilərdə dini ibadət ocaqlarımızı və tarixi abidələrimizi yerlə-yeksan etdiyini qeyd edərək bu vandallığı böyük bir xalqın mədəniyyət tarixinə vurulan ağır bir zərbə kimi xarakterizə ediblər.
Dinləmələrə yekun vuran vitse-spiker Fəzail İbrahimli bildirib ki, Şuşa tarixən bizim mənəvi dünyamızın, mədəniyyətimizin, dövlətçiliyimizin mərkəzi, qəhrəmanlığımızın simvolu olub. Şuşa həmişə düşmənə sinə gərib, işğalçılar qarşısında sipər olub. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri həyata keçirilir. Məqsəd həmin torpaqlara qayıdacaq insanlar üçün bütün imkanların yaradılmasıdır. İşğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində quruculuq işləri ilə bağlı böyük məbləğdə vəsaitlər nəzərdə tutulub.
Bununla da Milli Məclisin İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin Şuşa şəhərində keçirilən birgə dinləmələri başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.