SƏHİYYƏ

Koronavirus əleyhinə peyvəndin mövsümi olması arzuolunandır - ÜST rəsmisi

Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Azərbaycanda peyvəndlənmə göstəricilərinin olduqca yaxşı olduğunu bəyan edib.
Sputnik
BAKI, 27 aprel — Sputnik. Koronavirus əleyhinə peyvəndin mövsümi olmasının, yəni bir doza vurulmaqla məsələnin həll olunması arzuolunandır, lakin pandemiya davam etdiyindən hələ ki, bu barədə düşünülmür.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge Şamaxıya səfəri zamanı deyib.
Onun sözlərinə görə, ümumiyyətlə koronavirusla bağlı vəziyyət yaxşıdır: "Lakin yenə də xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Peyvənd olunanlar isə mütləq buster dozanı vurdursunlar".
ÜST rəsmisi Azərbaycanda peyvəndlənmə göstəricilərinin olduqca yaxşı olduğunu bəyan edib.
"Peyvəndlərin və tibbi ləvazimatların Azərbaycan tərəfindən digər dünya ölkələri ilə paylaşılması təqdirəlayiqdir. Buna görə ölkənizə təşəkkür edirəm. Çünki bu, qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn addımdır", - deyə ÜST rəsmisi bildirib.
Pandemiya davam etdiyindən əhali ayıq-sayıq olmalıdır
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib ki, mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi ləğv edilir, lakin pandemiya davam etdiyindən əhali ayıq-sayıq olmalıdır.
O bildirib ki, əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadə tövsiyə olunandır. Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari epidemioloji vəziyyətdən asılıdır. Çünki məhdudiyyətlərin hamısının birdən götürülməsi koronavirus infeksiyasına yoluxma saylarının kəskin şəkildə artmasına səbəb olur.
"Əsas rəqəmlər xəstəxanaya yerləşdirilən şəxslərin sayıdır. Xəstəxanaya yatış və infeksiyadan ölüm sayları diqqət edilən məqamlardandır. Ölkədə həyata keçirilən uğurlu vaksinasiya kampaniyası və tətbiq edilən əks-epidemioloji addımlar nəticəsində vəziyyət demək olar ki, stabildir. Rəqəmlər də get-gedə azalmaqdadır,” – deyən nazir virusa qarşı ayıq-sayıq olmağa çağırıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru doktor Hans Klugenin Azərbaycana səfəri davam edir. ÜST-ün Avropa üzrə regional direktoru Şamaxıda Avropa immunlaşdırma həftəsi çərçivəsində keçirilən tədbirlərə qatılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İNFOQRAFİKA
Ümumdünya Səhiyyə Təşkilatı necə maliyyələşir