BAKI, 27 aprel — Sputnik. İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 164 min 464 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Hazırda orta hesabla hər 1000 kişiyə 1001 qadın düşür.
Doğulmuş körpələr
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20 min 462 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.
Ölüm halı
2022-ci ilin yanvar-fevral aylarında ölkədə 12 min 557 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7-yə düşüb.
Nikah və boşanma halları
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.