BAKI, 26 aprel — Sputnik. Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.
Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Mövcud qanunvericiliyə əsasən, əlilliyə görə pensiya alanın yaşa görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə pensiya almaq hüququ yoxdur. Amma təklif edilən dəyişikliklə bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qanunun 34-cü maddəsi "Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə" adlanır.
Həmin maddəyə görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ var. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə aparılır.
Əmək pensiyasının aşağıdakı növləri var:
yaşa görə əmək pensiyası;
əlilliyə görə əmək pensiyası;
ailə başçısını itirməyə görə əmək pensiyası.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.