BAKI, 26 aprel - Sputnik. BMT-nin Moskvada səfərdə olan Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.
“Baş katib bu gün Rusiya Prezidenti Putinlə görüşüb. Yəqin yaxın vaxtda görüş bitəcək” - deyə Hak bildirib.
RİA Novosti-nin xəbərinə görə, Vladimir Putin görüş zamanı deyib ki, Rusiya BMT-nin təsisçi ölkələrindən biri olaraq, həmişə bu təşkilata dəstək verib: "Bu təşkilat unikaldır".
"Sizin Rusiya Federasiyasının əməliyyatı ilə bağlı narahatlığınızı bilirəm, amma Ukraynada problemlər 2014-cü ildə baş verən çevrilişdən sonra yaranıb", - deyə Putin Quttereşə bildirib.
Rusiyanın dövlət başçısı qeyd edib ki, Türkiyədəki danışıqlar zamanı Ukrayna məsələsi ilə bağlı ciddi irəliləyişə nail olunub.
"Kiyevin münaqişənin nizamlanmasına dair mövqeyi dəyişib. Onlar əvvəlki niyyətlərindən uzaqlaşıblar, təhlükəsizlik, Krım və Sevastopol məsələsini mötərizəyə alıblar".
Putin onu da deyib ki, Rusiya Ukraynanın Buça şəhərində təxribatla üzləşib. Orada baş verənlərlə heç bir əlaqəsi yoxdur. Lakin bunu kimin və hansı yollarla hazırladığını bilir.
Prezident Mariupoldakı vəziyyəti isə çətin, hətta faciəvi adlandırıb.
Putin BMT başçısına beynəlxalq məhkəmənin hamı tərəfindən dəstəklənən Kosovodakı vəziyyətə dair qərarını xatırladıb.
Quttereş də öz növbəsində deyib ki, BMT Rusiya və Ukrayna arasındakı dialoqu dəstəkləyir. Mövcud vəziyyətin yaxşılaşdırılması vacibdir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.