AZƏRBAYCAN XƏBƏRLƏRİ

Mehriban Əliyevadan mərhum şairlə bağlı təqdirəlayiq addım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Bu gün mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb. Heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
Musa Yaqub kimdir?
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri işləyib. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasının sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb. Musa Yaqub Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi" fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin!
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
VİDEO
Xalq şairi Musa Yaqub yaddaşlarda necə qaldı