RUSİYA

Lavrov real nüvə müharibəsi riski barədə xəbərdarlıq edib

Rusiya XİN rəhbəri bildirib ki, ABŞ BMT-yə alternativ platforma yaratmağa çalışır və demokratiya sammiti keçirmək də bu məqsədə xidmət edir.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Rusiya nüvə müharibəsinin yolverilməzliyi tezisinə sadiqdir. Bunu Rusiya XİN rəhbəri Sergey lavrov deyib.
Sergey Lavrovun sözlərinə görə, nüvə müharibəsi riskləri indi çox ciddidir, bu təhlükəni qiymətləndirməmək olmaz, lakin bu təhlükəni süni şəkildə şişirtməyə hazır olanlar da çoxdur.
O xatırladıb ki, yanvarda nüvə beşliyi ölkələri nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı tezisi bir daha təsdiqləyiblər. "Bu, bizim prinsipial mövqeyimizdir. Biz ona əsaslanırıq. Mən indi, həqiqətən, istəməzdim bunu deyim, risklər çox ciddidir. Bu risklər süni şəkildə şişirdilir və bunu istəyənlər də az deyil. Təhlükə ciddidir, realdır və onu nəzərə almamaq olmaz", - deyə nazir bildirib.
Lavrov həmçinin bildirib ki, ABŞ və digər Qərb ölkələri BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququnu dəyərsizləşdirməyə çalışırlar və bu, təhlükəli tendensiyadır.
"İndi amerikalılar və digər Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərini Baş Assambleyaya ötürməklə bu veto hüququnu ucuzlaşdırmağa çalışırlar. Həmin yerdə nümayəndə heyətlərinin səs çoxluğu məcburi, zorla əldə edilir. Bu tendensiya təhlükəlidir. Təhlükəsizlik Şurasının veto hüquqlu beşliyi beynəlxalq hüququn sonuncu adasıdır", - Lavrov deyib.
Nazirin sözlərinə görə, ABŞ demokratiya sammiti keçirməklə BMT-yə alternativ platforma yaratmağa çalışır.
"Birləşmiş Ştatların demokratik ölkələrin sammitinə ev sahibliyi etməsi əbəs deyil. ABŞ prezidenti bu sammiti keçən ilin sonunda keçirdi və bu il ikincisini keçirməyi və birmənalı olaraq anti-BMT və ya BMT-nin əvəzi kimi fəaliyyət göstərəcək bir təşkilat yaratmağı planlaşdırır", - Lavrov qeyd edib.
Lavrovun fikrincə, belə bir tendensiya Avropada da müşahidə olunur. "Artıq bir neçə ildir ki, Qərb, ilk növbədə Avropa da BMT-də artıq nəzərdən keçirilən mövzular üzrə müxtəlif platformalar, müraciətlər, tərəfdaşlıqlar yaradır. Fransızlar və almanlar bu istiqamətdə fəaldırlar", - XİN rəhbəri bildirib.