CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbçilər məcburi narkoloji müayinədən keçəcəklər

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların - çağırış dövründə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların - ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilməsi təklif edilir
Sputnik
BAKI, 26 aprel — Sputnik. Hərbi qulluqçular məcburi icbari narkoloji müayinədən keçiriləcəklər.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Narkoloji xidmət və nəzarət haqqında" qanuna təklif edilən yeni - 24.4-cü maddədə əksini tapıb.
Təklif olunan yeni maddəyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr-zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.
Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Təklif olunan dəyişikliklər "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamının tələblərindən irəli gəlir. Layihədə bir sıra kateqoriya şəxslərin, o cümlədən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların - çağırış dövründə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların - ildə bir dəfədən az olmayaraq, kadr zabit heyətinə könüllü daxil olanların - müvafiq əmr imzalanmazdan əvvəl, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların - bağlaşma imzalanmazdan əvvəl icbari narkoloji müayinədən keçirilməsi təklif edilir.
Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.