BAKI, 26 aprel — Sputnik. Çin hakimiyyəti üçüncü dünya müharibəsində maraqlı deyil və Ukraynadakı münaqişənin diplomatik yolla həllini dəstəkləyir. Bu barədə çərşənbə axşamı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin məlumat verib.
"Heç kim üçüncü dünya müharibəsini görmək istəmir, Rusiya və Ukrayna arasında sülh danışıqlarının irəliləyiş prosesini dəstəkləmək lazımdır", - o, brifinqdə Qərb jurnalistinin bu barədə sualını cavablandırarkən deyib.
Çin Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun üçüncü dünya müharibəsinin başlaması təhlükəsi ilə bağlı son sözlərini qiymətləndirir.
Venbinin fikrincə, Ukraynada silahlı fəaliyyətlərin uzanmasına imkan verilməməlidir. O, Ukrayna münaqişəsinin təkcə Avropaya deyil, bütün dünyaya mənfi təsir edə biləcəyi və nəticələrin qarşısının alınmasının vacibliyini qeyd edib.
"Ümid edirik ki, bütün maraqlı tərəflər soyuqqanlılıq nümayiş etdirəcək və eskalasiyaya yol verməyəcəklər", - XİN nümayəndəsi fikrini tamamlayıb.
Venbin əlavə edib ki, Avstraliyanın müdafiə naziri Peter Duttonun Çini nasist Almaniyası ilə müqayisə etməsi iyrəncdir və belə çılğın bəyanatlar Çini ləkələmək və müharibəni təşviq etmək məqsədi daşıyır.
"Ayrı-ayrı siyasətçilər eqoist siyasi məqsədləri üçün sərsəm bəyanatlar verirlər, müharibəni təbliğ edirlər və Çinə böhtan atırlar", - o, TASS-ın sorğusu əsasında Avstraliyanın müdafiə qurumu rəhbərinin Çinin "təkəbbürlü nasist Almaniyası" ilə müqayisəsini şərh edərkən deyib. O bildirib ki, Çin xalqı və dünya ictimaiyyəti bu cür iyrənc bəyanatların arxasında nəyin dayandığını çox yaxşı başa düşür.
Avstraliyanın müdafiə naziri Peter Dutton bazar ertəsi deyib ki, Çinin bu gün artan ambisiyaları 1930-cu illərdə nasist Almaniyasının ambisiyaları ilə müqayisə oluna bilər". Hərbi qurumun rəhbəri Çin və Solomon adaları arasında təhlükəsizlik sazişinin imzalanmasına münasibət bildirib və onun fikrincə, regionda hərbi münaqişənin baş verməsi ehtimalı var.
Bundan əvvəl Avstraliyanın baş naziri Skott Morrison bildirmişdi ki, bir sıra Sakit okean ölkələri arasında Çinlə əlaqələrin genişləndirilməsi təkcə Avstraliya üçün deyil, həm də Fici və Papua-Yeni Qvineya kimi regionun digər ölkələrinin hökumətləri üçün problemə çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.