BAKI, 25 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.
Söhbət zamanı ölkəmizlə Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit, gəmiqayırma, limanlararası əlaqələr sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda Həştərxan İş Mərkəzinin, Həştərxanda isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Azərbaycan İş Mərkəzinin fəaliyyət göstərməsinin önəmi qeyd olunub.
Görüşdə humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunulub, Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi mühüm layihələr məmnunluqla xatırlanıb.
Həştərxanda 10 ildən çoxdur ki, fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin humanitar sahədə əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı İqor Babuşkinin səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Xatırladaq ki, aprelin 26-da Bakıda Rusiya və Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bu barədə MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti agentliyinə müsahibəsində bildirib:
“İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (İƏK) aprelin 26-da Bakıda keçiriləcək 20-ci yubiley iclasına hazırlıq tam sürətlə davam edir”.
Onun sözlərinə görə, tərəflər ikitərəfli iqtisadi əməkdaşlığın bütün məsələlərini nəzərdən keçirəcəklər.
"Bizim çoxlu yeni maraqlı və perspektivli layihələrimiz var", - Qonçar əlavə edib.
O xatırladıb ki, aprelin 20-21-də Rusiya Energetika Nazirliyi tərəfindən yanacaq-energetika kompleksi məsələləri üzrə Azərbaycana növbəti rus biznes missiyası təşkil olunub.
Rusiya Federasiyasından olan şirkətlərin Qarabağın bərpasına qoşulması
Qonçar qeyd edib ki, bu, artıq Azərbaycan Respublikasında üçüncü biznes missiyasıdır - ilk ikisi 2021-ci ilin iyul və noyabr aylarında baş tutub və bunun nəticəsində konkret müqavilə sazişləri həyata keçirilir.
Onun sözlərinə görə, Rusiya Rusiya Federasiyasının təsərrüfat subyektlərinin Qarabağın bərpasına cəlb olunmasına böyük əhəmiyyət verir.
“Biz bu “iz”i ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın stimullaşdırılmasında mühüm alət hesab edirik”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.