BAKI, 25 aprel — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktor müavininin təhsilsiz olması ilə bağlı yayılan məlumata münasibət bildirib.
Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib:
"2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb.
Bu məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub".
Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsilinin olmaması ilə bağlı paylaşım edilib.
Xatırladaq ki, sosial şəbəkələrdə bu barədə məlumatı məktəbin direktoru Almaz Həsrət paylaşıb. Onun həyat yoldaşı, jurnalist Azər Həsrətin “Facebook” sosial şəbəkəsində paylaşdığı bu məlumat hər kəs tərəfindən maraqla qarşılanıb.
Paylaşımda bildirilib ki, Binəqədi rayonu 3 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavininin orta təhsili yoxdur. Onun sözlərinə görə, Bakı Təhsil İdarəsi bundan xəbərdardır və məsələ ilə bağlı heç bir tədbir görülmür.
"Mən keçən il bu məktəbə direktor təyin olunanda araşdırdım. Kadrlarla bağlı maraqlandıqda isə bu xanımın heç bir təhsili olmadığı ortaya çıxdı. Onun sənədində qeyd edilir ki, bu şəxs direktor və direktor müavini kimi işləyə bilər", - Almaz Həsrət sosial şəbəkə hesabında yazıb.
Məktəbin müdiri qeyd edib ki, təsərrüfat işləri üzrə müavin işinə ən azı orta ixtisas təhsili olan şəxslər qəbul edilməlidir. Bu insanın isə nəinki orta ixtisas, heç orta təhsili belə yoxdur. Bu barədə Bakı Təhsil İdarəsi çox gözəl məlumatlıdır. Amma hələ də heç bir tədbir görülməyib.
Almaz xanım müavinin yazı qabiliyyətinin olmadığı halda direktor müavini işlədiyindən narazılığını da gizlətməyib.
"Kimə arxayındır, nədir bilmirəm. İşində isə çox məsuliyyətsizdir və işçilərlə kobud rəftar edir. Onu 2004-cü ildə məktəbin keçmiş direktoru tək şəxsiyyət vəsiqəsi ilə işə götürüb. Məktəbimizdə ali təhsilli texniki işçilərimizə attestatı olmayan İsmət Yusifova rəhbərlik edir", - direktor əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.