BAKI, 25 aprel — Sputnik. Rusiya ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi təbiidir, tərəflər ticari-iqtisadi və siyasi əlaqələri artırmaq niyyətindədirlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.
Diplomat xatırladıb ki, fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri zamanı Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsi imzalanıb və bu, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırır.
"Biz bunu çoxşaxəli əlaqələrimizdə mühüm mərhələ hesab edirik. Qeyd olunan Bəyannamənin bütün müddəalarını əzmlə həyata keçirmək niyyətindəyik", - Qonçar deyib.
O vurğulayıb ki, sənəd dövlətlər arasında ikitərəfli münasibətlərin bütün spektrini əhatə edir və daha sıx xarici siyasət koordinasiyasını, iqtisadi əməkdaşlığın (o cümlədən yanacaq-energetika və maliyyə sahələrində) qurulmasını nəzərdə tutur.
"Rusiya-Azərbaycan əməkdaşlığının məntiqi və intensivliyi bizi ikitərəfli münasibətlərin səviyyəsinin təbii yüksəlişinə gətirib çıxardı. Müttəfiqlərin əməkdaşlığı haqqında Bəyannamənin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması çox simvolikdir", - deyə diplomat bildirib.
Denis Qonçar qeyd edib ki, Rusiya və Azərbaycanın Hökumətlərarası Komissiyasının iclası aprelin 26-da Bakıda keçiriləcək. Diplomat qeyd edib ki, 20-ci yubiley iclasına hazırlıq tam sürətlə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.